Newscenter.az.15.02.2022. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyi sahəsində təbliğat-təşviqat və maarifləndirmə tədbirlərini davam etdirir. Ölkədə qida təhlükəsizliyinin təmin edilməsi prosesində vətəndaşların fəal iştirakını nəzərdə tutan bu tədbirlər ictimai nəzarət mexanizmlərinin daha da gücləndirilməsinə xidmət edir.
Newscenter.az xəbər verir ki, bu məqsədlə AQTA tərəfindən qida təhlükəsizliyinin əsas kompanentlərindən olan bitki və heyvan sağlamlığının qorunmasına yönələn məlumatlandırıcı lövhələr hazırlanaraq, Bakı şəhəri və respublikanın müxtəlif yerlərində, o cümlədən Heydər Əliyev adına Beynəlxalaq Hava Limanında, həmçinin gömrük-keçid məntəqlərinə yaxın ərazilərdə, şəhərdaxili ictimai nəqliyyatlarda və müxtəlif kütləvi informasiya vasitələrində yerləşdirilib. Məlumat lövhələrində qida təhlükəsizliyi sistemi ilə bağlı məlumatların, eləcə də heyvanların identifikasiyası, sağlam toxum və pestisidlərdən düzgün istifadə qaydalarının geniş auditoriyaya çatdırılması üçün çağırışlar yer alıb.
“Bitki örtüyümüzü təhlükəyə atma”, “Əl baqajlarında ölkəyə toxum gətirmə”, “Bitki zərərvericiləri gəlirlərinizə də zərər verir”, “Ət məhsullarının təhlükəsziliyi heyvanların qeydiyyatından başlayır, “Heyvanları qeydiyyata alaq ki, sağlam qida istehsal edək”, “Sağlam əkin-səpin materiallarından istifadə edin”, “Sağlam məhsul sağlam təsərrüfatdan gələr” və s. başlıqlı məlumatlar qida təhlükəsizliyi mövzusunun əhəmiyyətini bir daha önə çəkir.
Qeyd edək ki, Agentlik tərəfindən əhalinin sağlamlığının qorunması, təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl olaraq müxtəlif maarifləndirici layihələr həyata keçirilməkdədir. Burada əsas məqsədlərdən biri də vətəndaşların yeni qida təhlükəsizliyi sistemi ilə bağlı məlumatlılığını genişləndirmək, onların prosesdə aktiv iştirakını təmin etməkdir.
Sevinc