Newscenter.az.15.02.2022. Bu gün bir qrup böyük ictimai nüfuza sahib alim və tədqiqatçıların iştirakı ilə Azərbaycanın Prezident cənab İlham Əliyevin rəhbərliyi altında apardığı mübarizəyə, dövlətimizin beynəlxalq aləmdə yerinin və rolunun artması, torpaqlarımızın bütövlüyü və toxunulmazlı uğrunda haqq savaşımıza, həyata keçirilən genişmiqyaslı iqtisadi islahatlara bilik və bacarığı, əldə etdiyi təcrübə ilə daha əhatəli və davamlı dəstək olmaq üçün “Beynəlxalq ekspertlər cəmiyyəti”nin təsis yığıncağı keçirilib.
Newscenter.az xəbər verir ki, iqtisad elmləri doktoru, professor Zahid Məmmədov, iqtisad elmləri üzrə fəlsəfə doktoru, tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev və digərləri çıxış edərək, təşkilatlanmaq və fərdi mübarizənin birləşdirilməsi, dövlətin mübarizəsinə alimlərin dəstəyini təmin edəcək tədqiatçı-alimlərin böyük güc mərkəzinin yaradılması zərurətindən danışıblar.
Bildirilib ki, tədqiqat və araşdırmalar, təşkilata nüfuzlu elm xadimlərinin üzvlüyü yalnız Azərbaycan sərhədləri ilə məhdudlaşmamalı, Azərbaycan həqiqətlərini qəbul edən və haqq mübarizəmizdə bizə daim dəstək olan xarici ölkə alim və tədqiqatçılarının imkanlarından da geniş şəkildə istifadə olunmalıdır.
“Güc birlikdədir” devizi altında real güc birliyi formalaşdırmağı hədəf müəyyənləşdirən konfrans iştirakçılarının yekdil səsverməsi ilə professor Zahid Məmmədov, politoloq Anar Əliyev və iqtisadçı alim Əfqan Musayevdən ibarət Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsinə konfrans iştirakçıları adından müvafiq dövlət qurumları ilə əlaqələrin qurulması və qısa zaman ərzində təşkilatın dövlət qeydiyyatına alınması istiqamətində fəaliyyət səlahiyyətləri verilib. Bildirilib ki, Cəmiyyətə üzvlük geniş ictimai və elmi nüfuza sahib ziyalılar və alimlər üçün açıqdır və bu məsələlərlə bağlı səlahiyyət Təşkilat Komitəsinin üzvü Əfqan Musayevə (+99450-489-22-05) həvalə edilib.
Mehman