Newscenter.az.15.02.2022. "Kənddə təbii qazın olmaması səbəbindən məişətdə yanacaq kimi odundan istifadə edirik. Hər evdə yandırılan odun bizə əlavə xərc, qırılan yaşıl ağac deməkdir".
Newscenter.az xəbər verir ki, bu sözləri Saatlı rayonunun Naharlı kənd sakini Hüseynağa Əliyev "Azəriqaz" İstehsalat Birliyinin növbəti "Açıq mikrofon" aksiyası zamanı bildirib.
Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev sayca 43-cü dəfə təşkil olunan aksiya çərçivəsində görülən işlər barədə kənd sakinlərinə məlumat verib.
Şöbə rəisi bu kənddən Birliyə çoxsaylı müraciətlərin daxil olduğunu və o səbəbdən bu dəfə aksiyanın sözügedən ünvanda təşkil olunduğunu bildirib.
126 fərdi yaşayış evi olan Naharlı kəndinin sakinləri mavi yanacaq olmaması səbəbindən üzləşdikləri çətinliklərdən söz açıblar. Kənd sakini Əziz Abışov Birlik rəhbərliyinin bu kəndin qazlaşdırılması ilə bağlı tapşırıq verəcəyi təqdirdə məscidin də təbii qazla təmin edilməsini xahiş edib.
Salyan Regional qaz istismarı İdarəsinin rəisi Namiq Məmmədov Birlik rəhbərliyi tərəfindən qazlaşdırılma işləri aparılan kəndlərdə, yeni yaşayış massivlərində məscid və təhsil ocaqlarının qazlaşdırılmasına hər zaman xüsusi diqqət ayırdığını qeyd edib.
Bundan əlavə, baş direktorun göstərişinə əsasən müvafiq qeydiyyatdan keçən, qazlaşdırılması başa çatan ibadət ocaqlarına il ərzində 500 manat məbləğində güzəşt olunduğunu kənd sakinlərinin diqqətinə çatdırılıb. Birliyin müvafiq rəhbər şəxsləri daxil olan müraciətlərin baş direktora çatdırılacağını vurğulayıb.
Qeyd edək ki, Saatlı rayonu ərazisində 43 kənd var ki, bunun da 32-si təbii qazla təmin edilib.