Newscenter.az.15.02.2022. 59 saylı Salyan seçki dairəsinin ərazisində yerləşən Xocalı kəndində illərdir öz həllini tapmayan yol, qaz və rabitə problemləri ilə bağlı Azərbaycan Respublikasının Baş Nazirinə ünvanladığım VI/59-31dp saylı 25 fevral 2021-ci il tarixli müraciətimdə Xocalı kənd yolunun yenidən qurulması, kəndin qazlaşdırılması və əhalinin telekommunikasiya xidmətləri ilə təmin edilməsi məsələlərinin müsbət həlli üçün aidiyyatı dövlət qurumlarına göstəriş verməyini xahiş etmişdim.
Baş Nazirin müavini Şahin Mustafayevin imzası ilə cavab məktubunda Xocalı kəndinin təbii qazla təchizatı üçün “Azəriqaz” İB-nin sifarişi ilə layihə-smeta sənədlərinin hazırlanması, layihə-smeta sənədlərinə əsasən müxtəlif diametrli 7.1 km uzunluğunda daşıyıcı və paylayıcı təbii qaz xətlərinin çəkilməsi, 94 fərdi evin daxili xətlərinin və məişət qaz sayğaclarının quraşdırılmasının nəzərdə tutulduğu qeyd edilmişdi.
Çox böyük sevinc və minnətdarlıq hissi ilə qeyd etmək istəyirəm ki, Xocalı kəndinin qazlaşdırılması işlərinin icrasına artıq bir aydır başlanılıb. Hazırda “Azəriqaz” İB-nin Salyan Regional Qaz İstismarı İdarəsinin təmir-tikinti briqadası tərəfindən Salyan rayonunun Xocalı kəndində qaz xətti çəkilişi uğurla davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımıza göstərdikləri diqqət və qayğını bütün sahələrdə hiss edirik. Belə ki, ölkəmizdə yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər, regionlarda yol şəbəkəsinin yenidən qurulması, xüsusilə kənd yollarının əsaslı təmiri, təbii qaz problemi yaşayan kəndlərin qazlaşdırılması, həmçinin əhalinin dayanıqlı rabitə, yüksəksürətli internet və digər multimedia xidmətləri ilə təmin olunması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşlarımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Azərbaycan xalqının rifahının daha da yaxşılaşdırılmasına hesablanmış bütün bu işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərimi bildirir, Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədova, Baş Nazirin müavini Şahin Mustafayevə, habelə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevə minnətdarlığımı ifadə edirəm.
Onu da qeyd edim ki, bu ilin sonuna kimi Ərəbqardaşbəyli kəndində də qaz xətti çəkilişlərinin yekunlaşdırılması nəzərdə tutulub. Ərəbqardaşbəyli kəndi, 59 saylı Salyan seçki dairəsinin ərazisində yerləşən və qazlaşdırılmayan sonuncu kənddir.
Jalə Əhmədova-Milli Məclisin deputatı