Newscenter.az.15.02.2022. Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dini etiqad haqqında” qanuna dəyişikliklərin II oxunuşda müzakirəsi zamanı deputat Məlahət İbrahimqızı və parlament sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli arasında mübahisə yaranıb.
“Report”un xəbərinə görə, deputat M.İbrahimqızı çıxışında deyib ki, o, bütövlükdə mollaları qara geyimdə görmək istəməyib.
Deputat bildirib ki, bütün sahələrdə belə hallar var: “Biz bu gün cəmiyyətdə gördüyümüz neqativləri deməliyik. Heç kəs də sizə səlahiyyət verməyib ki, yetənə daş atasınız, yetməyənə də güllə atasınız. Mən parlamentə dünən gəlməmişəm. Ulu öndər mənə 5 dəfə etimad edib. İnsanlar nə etsin?! Mollanı dəvət edir. Fəzail müəllim, bu, sizə yaraşmaz. Siz məni nümunə çəkməməlisiniz. Sonuncu dəfə sizə bildirirəm”.
Fəzail İbrahimli isə qeyd edib ki, Məlahət İbrahimqızının heysiyyatına toxunan nəsə deyibsə, üzr istəyir: “Mən burada sizin sualınızı gündəmə gətirdim. Mən burada cəhalətlə bağlı fikirlərimi bölüşdüm. Mən çox mat qaldım. Onu deyim ki, siz bu ideyanı Hacı Salmandan alırsınız”.