Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Elxan Şükürlü: "Ölkə üçün çox kritik dövr sayılan qarşıdakı 1 - 1,6 il ərzində qətiyyən buna getmək olmaz"



Newscenter.az.15.02.2022. Könlündən deputatlıq keçən partiya və media təmsilçiləri son günlər yenidən mövcud parlamentin buraxılması və Milli Məclisə yeni seçkilərin keçirilməsi tələbini irəli sürsələr və tələblərində də nə qədər haqlı olsalar belə, ölkə üçün çox kritik dövr sayılan qarşıdakı 1 - 1,6 il ərzində qətiyyən buna getmək olmaz!

Çünki yeni parlament seçkisi bütün ölkə ərazisi boyu – 125 dairə üzrə siyasi fəallığı kəskin artırmaqla yanaşı, hakimiyyətin çöldəki və içdəki düşmənlərinə də bu siyasi fəallıqdan yararlanmaq fürsəti verəcək.

Xüsusən də əllərində çirkli kapital toplamış və indi onu gizlətməyə çalışan sıxışdırılmış məmur oliqarxiyası sosial-iqtisadi vəziyyətin get-gedə ağırlaşdığı və geopolitik qaranlığın çökdüyü bir zamanda ölkəmiqyaslı seçki prosesini çox asanca inqilabi situasiyaya çevirə, beləliklə, hökumət qaş qayırmaq istədiyi yerdə vurub öz gözünü tökə bilər...

Yeni seçki tələbindən daha çox, Prezidentdən korrupsiyaya qarşı mübarizəni sərtləşdirməyi, kriminal oliqarxiyanın dövlət içərisindəki şəbəkəsini təmizləməyi və əhalinin güzəranını təmin edəcək addımlar atmağı tələb etmək və bu prosesdə də ona birmənalı dəstək vermək, etimad göstərmək gərəkdir.

Bu, bir tərəfdən, Prezident İlham Əliyevə Ermənistanla sülh prosesini daha arxayın və uğurla aparmağa imkan verəcək, o biri tərəfdən də gələcəkdə ölkəni həqiqi tərəqqiyə götürəcək fundamental islahatların həyata keçirilməsində müxalifətlə birgə addımlamasına da mənəvi əsas, bünövrə yaradacaq.
Qısası, indi ölkəyə təlatümlü yeni seçki yox, özünü içdən yaxşılığa doğru yeniləməyi və dəyişməyi bacarmış yeni simalı, ədalətli hakimiyyət lazımdır!

Dövlət güclü və ədalətli olmalıdır ki, xalqını arxasına alıb, onu gözlənilən bütün geopolitik qasırğalardan xilas edə bilsin!

Elxan Şükürlü-siyasi şərhçi
Xəbəri paylaş