Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

K.Nurullayeva: "Onlayn şəkildə ianələrin edilməsi vətəndaşların inam və etibarını bərpa edəcək"

[center][/center

Newscenter.az. 15.02.2022. Milli Məclisin deputatı “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklə bağlı təkliflər səsləndirib. Bildirib ki, “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər layihəsi bir sıra yeni məqamları özündə ehtiva edir. Sənəd ilk növbədə islam dininə aid ibadət yerlərinə din xadimlərinin Qafqaz Müsəlmanları İdarəsi tərəfindən deyil, Qafqaz Müsəlmanları İdarəsinə məlumat verməklə müvafiq icra hakimiyyət orqanının müəyyən etdiyi qurum tərəfindən təyin olunmasını əks etdirir. Din xadimlərinin bu qaydada seçilməsi həmin şəxslərin daha da məsuliyyətli olmasına, hesabatlılığının təmin olunmasına, bu sahədə fəaliyyətin şəffaflığına gətirib çıxaracaq.

Millət vəkili hesab edir ki, qanun lahiyəsində öz əksini tapan digər vacib məqam, dini qurumların könüllü ianələri, o cümlədən ianə edilmiş pul vəsaitlərini nəğd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edəcəklərini göstərməsi ilə bağlıdır:

“İanələr cəmiyyətdə dini və əxlaqi dəyərləri inkişaf etdirən, sosial əsası gücləndirən ibadət növüdür. Burada əsas məqsəd ianələrin hansı formada edilməsindən daha çox, həmin ianələrin həqiqətən də ehtiyacları qarşılamasıdır”.

İanələrin poçt vasitəsilə çatdırılması, eləcə də ianə edilən pul vəsaitlərinin onlayn şəkildə edilməsinə gəlincə, K.Nurullayeva bildirib ki, bu, dünya təcrübəsində uzun müddətdir tətbiq olunan vasitədir:

“Hazırda ziyarətgahlarda, məscidlərdə kifayət qədər nəzir qutuları var ki, insanlar bu nəzir qutularına atdıqları pulların sonrakı aqibəti barədə məlumatlı olmur, bu, insanların əksəriyyətində inamsızlığın yaranmasına, eləcə də ianələrin azalmasına səbəb olur ki, bu da öz növbəsində ehtiyacı olan insanlara yardımların azalmasına, məscidlərin saxlanılmasında problemlərin yaranmasına gətirib çıxarır. Hesab edirəm ki, qanuna bu dəyişiklik ediləcəyi təqdirdə, insanlar rahat şəkildə, heç yerə getməyə ehtiyac qalmadan könüllü şəkildə ianələr edə biləcək və bu ianələrin sonrakı aqibəti barədə də məlumatlı olmaları ianələrin artmasını təşviq edəcək".

Deputatın qənaətincə, onlayn şəkildə ianələrin edilməsi həm məscidlərin maliyələşdirilməsinə, onların maddi imkanlarının yaxşılaşdırılmasına töhfə verəcək, vətəndaşların inam və etibarını bərpa edəcək, həm də bu vəsaitlərdən imkansız insanlara, xəstələrə vəsaitlər ayrıla biləcək:

“Əgər toplanan vəsaitə maliyyə monitorinqi etmək imkanları, vətəndaşları xərclər barədə məlumatlandırmaq bu qanuna edilən əlavələrdə nəzərdə tutulmazsa, bu zaman qeyd edilən dəyişikliklər uğurlu nəticə əldə olunmasında çətinlik yaradacaq. Hesab edirəm ki, 18-ci maddədə dini qurumlar tərəfindən qəbul edilən pul vəsaitlərinin onlayn şəkildə qəbul edilməsi qaydası nəzərdə tutulsa da, layihədə həmin pul vəsaitlərinin hesabatlılığının təmin edilməsi mexanizmini müəyyənləşdirən normalar öz əksini tapmayıb. Belə normaların olmaması bu məsələdə şəffaflığın təmin olunmasına, həmçinin ianələrin sonrakı aqibəti barədə insanları məlumatlandırmağa maneə yaradacaq”.

K.Nurullayeva beynəlxalq təcrübəni də xatırladıb:

“Edilən ianələrin hesabatlılığının təmin edilməsinin dünya təcrübəsində kifayət qədər müsbət nümunələri mövcuddur. Bu gün dünyanın bir çox ölkələrində müxtəlif qurumlar var ki, onlara internet saytları vasitəsi ilə ianələr edilir. Məsələn, qardaş ölkə Türkiyənin təcrübəsində də eyni vəziyyət mövcuddur. Türkiyədə də məscidlərin dərnəkləri olur və orada nəzir, sədəqə verildiyi zaman rəsmi şəkildə mədaxil qəbzi verilir. Sonra isə onlar həmin mədaxil qəbzlərinə uyğun olaraq, yığılan pullarla bağlı Vakflar Genel Başkanlığına hesabat verirlər”.

Millət vəkilinin digər təklifi 8-ci maddə ilə bağlıdır:

“Hesab edirəm ki, həmin maddədə din xadimlərinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təyin olunması zamanı Qafqaz Müsəlmanları İdarəsinin məlumatın verilməsi deyil, rəyinin alınması daha məqsədəuyğun olardı. Bundan başqa, layihədə nəzərdə tutulmuş dini icması yaradılmamış dini ibadət yerlərinə və ziyarətgahlara dini mərkəz (idarə) tərəfindən Qanunla müəyyən olunmuş qaydada din xadimlərinin təyin edilə bilməsi ilə bağlı müddəanın 11.3. maddənin çıxarılması dini ibadət yerlərinə və ziyarətgahlara nəzarət məsələsini də açıqda saxlayır. Eləcə də hazırda qüvvədə olan Qanunun mətnində qeyd olunan “dini qurumun nizamnaməsi öz dini mərkəzinin (idarəsinin) nizamnaməsinə uyğun olmalıdır” müddəasının çıxarılması təklifi verilsə də, dini qurumun nizamnaməsinin tərtib olunması qaydası ilə bağlı müddəalar nəzərdə tutulmamışdır”.

Ruhiyyə
Xəbəri paylaş