Newscenter.az.15.02.2022. Zaman-zaman Milli Məclisin bəzi deputatlarının xarici ölkələrdə biznesinin üzə çıxması, yaxud ölkə daxilində deputat mandatına zidd olaraq biznes fəaliyyəti ilə məşğul olmalarına dair məlumatlar üzə çıxır. Bu isə cəmiyyətdə birmənalı olaraq etirazla qarşılanır. Belə ki, bir çox hallarda seçiciləri üçün ən xırda problemin belə həllinə nail olmaq barədə düşünməyən deputatın qeyri-qanuni yollarla milyonlara sahib çıxması haqlı olaraq tənqid edilir. Bu günlərdə isə daha bir deputat, Cavanşir Feyziyev varədə oxşar problem meydana çıxdı. Belə ki, deputatın Londonda 15 milyon funt sterlinq vəsaitinin olduğu, hətta həmin vəsaitin bir hissəsinə həbs qoyulduğu barədə xəbərlər yayıldı. Məsələ ilə bağlı sabiq millət vəkili Cahangir Hüseynov da öz münasibətini bildirib. Cahangir Hüseynovun sözlərinə görə, bu günlərdə bir məsələ Azərbaycanın ictimai həyatında böyük rezonans doğurdu ki, bu da Milli Məclisin deputatı Cavanşir Feyziyevin Londonda 15 milyon funt sterlinq pulunun üzə çıxması və həmin vəsaitə London məhkəməsinin həbs qoyması, bu istiqamətdə istintaqın getməsi barədə yayılan xəbərlərdır. Sabiq millət vəkili hesab edir ki, bu çox acınacaqlı bir məsələdir.
Cahangir Hüseynov qeyd edib ki, hər bir kəsin özünün, ailəsinin şirkəti, biznesi ola bilər və bu biznes vasitəsilə Azərbaycana xarici valyuta gətirilə bilər:
“Mən buna yalnız sevinərəm. Hesab edilməsin ki, Cavanşir Feyziyevin milyonlara sahib olmasını qısqanırıq. Əsla. Əksinə, buna sevinirəm. Ancaq mənim üçün bir sıra məsələlər qaranlıqdır, daha doğrusu sual doğurur. Bildiyimiz kimi Cavanşir Feyziyev Şəkidən deputat seçilib və Şəki də böyük turizm zonasıdır, burada kifayət qədər investisiya qoyulası sahələr var. Nə üçün Cavanşir Feyziyev xaricə, Londona apardığı milyonları Şəkidə müxtəlif sahələrin inkişafına, iş yerlərinin açılmasına sərf etmir? Digər tərəfdən Cavanşir Feyziyev həmin milyonları necə və haradan əldə edib, ilk növbədə onun deklarasiyasını təqdim etməlidir”.
Cahangir Hüseynov Hesablama Palatasının fəaliyyətini də tənqid edib. O bildirib ki, Hesablama Palatasının fəaliyyətini görmür:
“Mən 2004-cü ildə ikinci çağırış parlamentdə təmsil olunanda Hesablama Palatası parlamentdə hesabat verirdi. Həmin vaxt Palataya Namiq Nəsrüllayev rəhbərlik edirdi. O vaxt mən Namiq Nəsrüllayevə müraciət edərək dedim ki, siz elə Milli Məclisdə istefa verib gedin. Çünki hesabatda hansısa uşaq bağçası, yaxud məktəbin yoxlanılması barədə məlumatlar əks olunurdu. Aradan 20 ilə yaxın vaxt keçməsinə baxmayaraq hazırda da Hesablama Palatası həmin proseduru davam etdirir. Dövlət Təhlükəsizlik Xidməti son illərdə bir neçə İcra Hakimiyyətində korrupsiya və rüşvət hallarını aşkarladı. Eləcə də bəzi dövlət qurumlarında, nazirlik və komitələrdə anoloji hallar aşkar edildi, bir neçə səlahiyyətli şəxs həbs olundu. Onlardan bəziləri həbsxanada dünyasını dəyişdi. Ancaq mən hesab edirəm ki, həmin şəxs həbsə atılmazdan əvvəl onun dövlətdən oğurladığı əmlakın məcburi qaydada dövlətə geri qaytarılması təmin olunmalıdır. Bütün dünya ölkələrində bu belədir. Məhz dövlətdən oğurladığı əmlak geri qaytarılandan sonra həmin şəxsə cəza kəsilməlidir. Lazım gəlsə, ona yüngül cəza da vermək olar. Bunun üçün Cinayət Məcəlləsində də müəyyən dəyişikliklər edilməlidir. Məsələn, Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin bir neçə il əvvəl 1 milyard dollara yaxın vəsaiti dələduzluq yolu ilə mənimsədiyi üzə çıxdı. Bir neçə gün əvvəl isə xəbər yayıldı ki, Avropa Məhkəməsində Cahangir Hacıyevə bəraət veriblər. Hətta Azərbaycan dövlətini 3500 evro cərimə ediblər ki, guya Cahangir Hacıyev əsassız saxlanılıb. Yenə də deyirəm biz bu kimi şəxsləri, Cahangir Hacıyev, yaxud Eldar Həsənov, bir neçə icra hakimiyyəti başçısının 10-15 il azadlıqda məhrum edilməsinin Azərbaycan xalqına heç bir xeyri yoxdur. Yaxşı olar ki, ilk növbədə həmin şəxslərin əmlakları müsadirə olunmalı və könüllük prinsipi əsasında əmlakları dövlətə qaytarılmalıdır”.
Cahangir Hüseynov millət vəkili Cavanşir Feyziyevin media nümayəndələrinin ünvanına xoş olmayan fikirlər səsləndirməsinə də münasibət bildirib və qeyd edib ki, Cavanşir Feyziyev ilk növbədə təhqir etdiyi media nümayəndələrindən üzr istəməlidir:
“Həmçinin Milli Məclisin İntizam Komissiyasında Cavanşir Feyziyevin məsələsinə baxılmalı və onun deputat qalıb-qalmaması müzakirə edilməlidir. Əgər deputat olduğu müddətdə onun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu sübuta yetirilsə, o halda Cavanşir Feyziyevin deputat mandatı ləğv edilməlidir. Həmçinin, respublika prokurorluğu tərəfindən bu məsələ araşdırılmalı və əgər onun cimayət məsuliyyəti varsa, o halda məsuliyyətə alınmalıdır”.