Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı hazırlıq işlərinə başlanılıb



Newscenter.az.15.02.2022. Bakının Xətai rayonunda "Ana fəryadı" abidəsinin yerləşdiyi parkda Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı hazırlıq işlərinə başlanılıb.

"Report" xəbər verir ki, parkda abadlıq, təmizlik işləri görülür, yeni güllər əkilir.

Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov "Report"a açıqlamasında bildirib ki, ərazidə dekorativ ağac və gül kollar, eləcə də bütün park boyu mövsümi güllər əkiləcək: "Həmişə olduğu kimi bu il də Xocalı prospekti boyu binaların fasadlarına, hasarlara soyqırıma aid bannerlərin vurulması nəzərdə tutulur. Hazırda işıq sistemləri yoxlanılır və çatışmazlıqlar aradan qaldırılır. İşlər yaxın zamanda yekunlaşacaq".

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral - Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.

Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə "Ana harayı" adlı abidə ucaldılıb.
Xəbəri paylaş