Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağcabədidə 7 çoxmənzilli yaşayış binasına mərkəzi şəbəkədən su veriləcək

Ağcabədidə 7 çoxmənzilli yaşayış binasına mərkəzi şəbəkədən su veriləcək


Newscenter.az.17.02.2022. "Azərsu" ASC Ağcabədi şəhəri, İsmət Qayıbov küçəsində çoxmənzilli yaşayış binalarını mərkəzləşdirilmiş şəbəkələrə qoşmağa başlayıb.

Newscenter.az quruma istinadən xəbər verir ki, bunun üçün binaların daxili su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur.

Küçədə 7 çoxmənzilli yaşayış binasının içməli su təchizatı indiyə qədər məhəllədaxili subartezian quyusu hesabına aparılıb. Həmin binalarda mövcud olan 160 mənzil sakinlərin fərdi və pərakəndə çəkdiyi su xətləri hesabına təmin olunub. Subartezian quyusunun imkanları və primitiv çəkilmiş xətlər normal su təchizatı aparmağa imkan vermirdi. Ərazidə mərkəzləşdirilmiş kanalizasiya sistemi isə mövcud olmayıb və tullantı suları yaxınlıqdan keçən şor kanalına axıdılır.

Binaların mərkəzləşdirilmiş su təchizatı sisteminə qoşulması və binadaxili sistemlərin yenidən qurulması məqsədilə “Azərsu” yeni layihə hazırlayıb və icrasına başlayıb. Layihəyə əsasən, binaların su təchizatı bundan sonra Ağcabədi şəhərinin şəbəkəsindən aparılacaq. Bu məqsədlə şəhər şəbəkəsindən əraziyə 600 metr uzunluğunda su xətti çəkilir. Binaların hər bir mənzili yeni çəkilən şəbəkəyə qoşulacaq və sayğaclar quraşdırılacaq.

Binaların mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinə qoşulmasını təmin etmək üçün 800 metr uzunluğunda tullantı su xətləri çəkiləcək və Ağcabədi şəhərinin mövcud kanalizasiya şəbəkəsinə birləşdiriləcək.

Yeni layihənin icrası nəticəsində 7 binada yaşayan sakinlərin içməli su və tullantı su xidmətlərindən istifadəsi yaxşılaşacaq.

Sevinc
Xəbəri paylaş