Newscenter.az.17.02.2022. Azərbaycan Texniki Universiteti (AzTU) CDİO Təşəbbüsü Universitetlər Şəbəkəsinə üzv qəbul olunub. Bununla bağlı rektor Vilayət Vəliyev rəsmi feysbuk səhifəsində paylaşım edib.
Newscenter.az xəbər verir ki, paylaşımda deyilir:
“Azərbaycan Texniki Universiteti (AzTU) iki illik yazışma və müzakirələrin nəticəsi olaraq yeni nəsil mühəndis hazırlığında qabaqcıl ənənələrin daşıyıcısı olan CDİO (Öyrən-Layihələndir-Reallaşdır-İşlət) Təşəbbüsü Universitetlər Şəbəkəsinə üzv qəbul olunub.
Bu münasibətlə kollektivimizi təbrik edir, CDİO üzvü olaraq yeni nəsil mühəndis hazırlığında uğurlar arzulayıram.
Massaçusets Texnologiya İnstitutu (MIT) təşəbbüsü ilə yaradılan CDİO ailəsinə 100-dən çox ən qabaqcıl texniki ali məktəb daxildir. AzTU regionda bu şəbəkəyə daxil olan ilk texniki universitetdir.
CDİO ailəsinə üzv qəbul olunmaq bizə dünyanın mühəndislik sahəsində zəngin ənənələrə malik universitetlərinin təcrübələrindən yararlanmaq imkanı yaradacaq. Bu, eyni zamanda universitet-sənaye işbirliyinin reallaşması üçün təhsil proqramlarının köklü dəyişdirilməsinə vəsilə olacaq. Çünki bugünkü mühəndislər praktiki bilik-bacarıqları yüksək olan, komandada işləməyi bacaran, yaradıcı mütəxəssislər olmalıdırlar.
AzTU ailəsinin bu yolda bütün imkanlarını səfərbər edəcəyinə və yüksək nəticələr qazanacağına inanıram. CDİO ailəsinin üzvü olaraq kollektivimizə uğurlar arzu edirəm!”
R.Mehdiyeva