Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkəmiz tarixi Zəfərdən sonra vaxt itirmədən quruculuq işlərinə start verib



Səbinə Xasayeva: "Cənab Prezidentin rəhbərliyi altında Azərbaycan dövləti azad edilmiş bütün şəhər və rayonlarımızı dünyanın ən müasir və gözəl yerlərindən birinə çevirəcək"

Newscenter.az.17.02.2022.
Artıq Milli Məclis yaz sessiyasına başlayır. Parlamentin qış tətilindən istifadə edərək əksər deputatlar kimi Səbinə Xasayeva da seçiciləri ilə görüşləri daha da intensivləşdirərək onların qayğıları, seçiciləriu narahat edən problemlərlə maraqlanıb. Bəs görəsən 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsinin seçicilərini narahat edən əsas problemlər hansılardır və deputat bu istiqamətdə hansı addımlar atır? Həm bu, həm də digər məsələlər, eləcə də regiondakı vəziyyət, işğaldan azad edilən ərazilərdə həyata keçirilən quruculuq-abadlıq işləri ilə bağlı deputat Səbinə Xasayeva ilə söhbətləşdik.

-Səbinə xanım, bildiyimiz kimi parlament tətil müddətində idi, bu fürsətdən istifadə edib seçicilərlə daha sıx görüşlər keçirə bildinizmi, seçicilərinizi əsas narahat edən məsələlər hansılardır?

-İlk növbədə qeyd etməliyəm ki, seçicilərlə görüş hər bir deputatın gündəlik fəaliyyətində ən mühüm işlərdən biridir. Ona görə də mən həmişə seçicilərimlə görüşlərə xüsusi diqqət yetirirəm. Tətil müddətində onlarla daha çox görüşmək, onları dinləmək, qaldırdıqları məsələləri dərindən öyrənmək, araşdırmaq və aidiyyəti dövlət qurumlarına sorğu göndərmək imkanı daha çox olur.

Seçicilərin qaldırdıqları əsas məsələlər gənclərin ixtisaslarına uyğun işlə təmin olunmaması, müharibə veteranlarının pensiyalarının dayandırılması və mülki pensiyalara çevrilməsi, bəzi qazilərin yaralarının ağırlıq dərəcəsinin yüksək olmasına baxmayaraq onlara pensiya təyin edilməsində ehtiyac olmadan vaxtın uzadılması, ikinci Qarabağ müharibəsində iştirak etmiş bəzi döyüşçülərin təltif edilməməsi və başqalarıdır.

Qeyd edim ki, müraciətlərimə bütün nazirliklər, komitələr, agentliklər, yerli icra orqanları olduqca obyektiv yanaşır və bacardıqca köməklik göstərməyi özlərinin əsas fəaliyyət borcu hesab edirlər.

-Seçicilərin qaldırdıqları hansı məsələləri parlamentdə səsləndirmisiniz?

-Deputat seçildiyim Qaradağ-Binəqədi-Yasamal rayonlarının həlli vacib olan aşağıdakı problemlərini səsləndirmişəm.

İlk olaraq onu qeyd etməliyəm ki, Yasamal rayonunda 6, Qaradağ rayonunda isə 287 qəzalı yaşayış binası var.

Bu qəzalı evlər Yasamal rayonunda hələ 19-cu əsrin sonlarında və Qaradağ rayonunda ötən əsrin əvvələrində və ortalarında inşa edilmiş və tikintisi yarımçıq qalmış binalardır. Bu binalara rəsmi qurumlar tərəfindən baxış keçirilib və əksəriyyəti qəzalı binalar siyahısına daxil edilib. Lakin problemin köklü həlli üçün əsaslı maliyyə vəsaitinin ayrılması tələb olunur.

Məsələnin yeganə müsbət həlli çox hörmətli Baş nazir Əli Əsədovun bu məsələyə müdaxilə etməsindən və aidiyyəti dövlət orqanlarına müvafiq göstərişlər verməsindən asılıdır. Ona görə də düşünürəm ki, Baş nazirimiz, xüsusən Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu məsələyə çox həssas münasibət bəsləyəcək, məsələnin müsbət həlli üçün bütün lazımi tədbirləri görəcəklər.

İkinci mühüm məsələ yəqin ki, hamını maraqlandırır. Bu, sənədsiz evlərlə əlaqədar məsələdir. Bu gün Qaradağ, Yasamal və Binəqədi rayonlarında minlərlə fərdi ev və torpaq sahələri sənədsizdir. Bu məsələdə də hökumət səviyyəsində müvafiq addımların atılması məqsədəuyğun olardı.

Digər problemlər, Qaradağ rayonu ərazisində 310 küçənin asfaltlanmasına olan ehtiyacdır.

Qaradağ rayonu ərazisində uzunluğu 96 km olan ümumi kanalizasiya xətlərinin yalnız Sahil qəsəbəsində təmizləyici qurğu vasitəsilə (mexaniki yolla) təmizləndikdən sonra dənizə axıdılır. Digər qəsəbələrdə kanalizasiya şəbəkəsi olmadığından çirkab sular təmizlənmədən,; bəzilərində isə açıq kanallar vasitəsilə dənizə axıdılır. Rayon ərazisində 111 yaşayış binası bugünə kimi istiliklə təmin olunmayıb.

Eyni zamanda, Binəqədi rayonunun Xocasən, Sulutəpə və 28 may qəsəbələrində mərkəzləşdirilmiş kanalizasiya sistemi mövcud deyil. Bundan əlavə, qəsəbə yollarına asfalt örtüyünün və küçə işıqlarının çəkilməməsi, qəsəbə daxili küçələrin adlandırılmasına baxmayaraq adların qeyd olunduğu lövhələrin vurulmaması, 28 May qəsəbəsində mərkəzləşdirilmiş su xəttinin çəkilməsi zamanı 3 küçəyə su xəttinin çəkilməməsi insanların gündəlik problemlərlə üzləşməsinə səbəb olur. 28 May qəsəbəsində poliklinikanın olmaması isə vətəndaşları Qaradağ rayon 13 saylı poliklinikanın xidmətlərindən yararlanmağa məcbur edir.

Bu problemlərin də həll edilməsini aidiyyəti təşkilatlardan xahiş edirəm.

-Ölkədə sosial rifah halının yaxşılaşdırılması, həyata keçirilən dövlət proq­ram­ları, dövlət başçısı tərəfindən əhalinin yaşayış səviyyəsinin möhkəm­ləndi­rilməsi məqsədilə imzalanan fərman və sərəncamlar seçici, vətəndaş problem­lə­rinin həllinə öz müsbət təsirini göstəribmi və sosialyönümlü şikayətlərin sayının azaldığını deyə bilərikmi?

-Bildiyimiz kimi, ölkədə sosial rifah halının yaxşılaşdırılması üçün parla­mentdə müzakirə olunan məsələlərin böyük əksəriyyəti insanların gündəlik həyatlarında olan problemlərin aradan qaldırılmasına xidmət edir. Son iki ildə Cənab Prezidentin imzaladığı fərman və sərəncamlar əhalinin sosial təminatının daha da yüksəldilməsinə müsbət təsir göstərib. İnsanların əmək haqları, pensiyaları, təqaüdləri və müavinətləri artırılıb, iş adamları pandemiyanın vurduğu ziyandan qorunmaları və fəaliyyətlərinin dayanaqlı olması üçün həmişə dövlət tərəfindən lazımi dəstək alıb.

Həyata keçirilən intensiv tədbirlər vətəndaş problemlərinin həllinə öz müsbət təsirini göstərib və sosial yönümlü şikayətlərin sayının xeyli azalması ilə nəticələnib.

-Ümumiyyətlə, millət vəkili kimi fəaliyyət göstərdiyiniz bu müddət ərzində seçicilərinizi razı sala bilmisinizmi?

-Milli Məclisin deputatları öz fəaliyyətlərinə pandemiya şəraitində başlayıb. Pandemiya müəyyən vaxtlarda səngisə də hələ davam edir. Belə ağır vəziyyətə baxmayaraq Milli Məclisin bütün üzvləri kimi mən də əsas fəaliyyətimi günün tələblərinə uyğun quraraq həm üzvü olduğum Regional məsələlər komitəsinin iclaslarında, həm də Milli Məslisin plenar iclaslarında fəal iştirak etməyə çalışmışam. Seçicilərimin qaldırdıqları mühüm əhəmiyyət kəsb edən məsələləri plenar və komitə iclaslarında bir neçə dəfə səsləndirmişəm. Həmin məsələlərin bir qismi öz həllini tapsa da, bəziləri bu gün mərhələli şəkildə həyata keçirilir.

Seçicilərimlə görüşlərə bacardığım qədər xüsusi diqqət verirəm. Artıq üçüncü ildir ki, pandemiya şəraitində yaşayır və fəaliyyət göstəririk. Buna baxmayaraq seçicilərimlə görüşmək, onları dinləmək üçün bütün imkanlardan istifadə etmişəm. Nəticə uğurludur. Seçicilərin öz seçdiyi deputatına inandığının şahidi kimi özümü mənəvi baxımdan olduqca rahat hiss edir və sevinirəm. Belə olanda görüşə gələnlərin sayı artır və bu, istər-istəməz mənə əlavə mənəvi stimul verir. Bir sözlə, hər bir seçicinin qaldırdığı məsələnin yerinə yetirilməsi üçün səylə çalışıram.

-Səbinə xanım, istərdim bu günlərdə dövlət başçısının Ağdam rayonuna səfərinə də qiqqət çəkək. Bildiyimiz kimi səfər zamanı Cənab Prezident bir sıra mühüm infrastruktur layihələrinin təməlini qoydu. İşğaldan azad edilən müddətdən keçən qısa dövr ərzində Ağdamda görülən işlər, həyata keçirilən tədbirlər düşmən tərəfindən viran edilmiş Ağdamın simasını nə dərəcədə dəyişib?

-Ağdam rayonunun bərpası ilə bağlı kompleks tədbirlərin görülməsi yaxın gələcəkdə konkret nəticələrə gətirib çıxaracaq. Ağdam şəhərində sənaye parkının ilk rezidentləri tərəfindən yaxın gələcəkdə istifadəyə veriləcək yeni müəssisələrin təməl daşı qoyulub. Artıq 5 rezident vardır və onlar işə başlayıblar. Beləliklə, 190 hektar ərazidə qurulacaq Ağdam Sənaye Parkının ilk müəssisələri artıq bu sahədə ilk addımlarını atır. Bu, çox önəmli hadisədir. Ağdam şəhərinin gələcək inkişafı ilə bağlı planlarda yaşayış binalarının inşası və iş yerlərinin açılması var. Çünki burada yaşayacaq insanlar işlə təmin olunmalıdırlar. İş yerlərinin yaradılması ilə bağlı əlavə addımlar da atılacaq. Yaxın gələcəkdə Ağdam Sənaye Parkında onlarla müəssisə işə başlayacaqdır.

Eyni zamanda, iki yarımstansiyanın açılışı olmuşdur. Beləliklə, azad edilmiş torpaqlarda yarımstansiyaların sayı 9-a çatıb. "Ağdam-1" və "Ağdam-2" yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin ediləcək. Ağdamda mehmanxananın da təməli qoyulub. Müasir mehmanxana təqribən 2 ildən sonra fəaliyyətə başlayacaq. Buraya böyük sayda gələcək qonaqlara indi şərait yaradılır. Yaşayış kompleksinin də təməl daşı qoyulub. Altı evdən ibarət yaşayış kompleksi təqribən il yarıma - iki ilə inşa ediləcək, Ağdamın hərtərəfli inkişafı təmin olunacaq.

Eyni zamanda, Ağdam Mərkəzi Şəhər Xəstəxanasının təməli qoyulub. Əlbəttə ki, 210 çarpayılıq xəstəxana ağdamlılara tibbi xidmətin göstərilməsi üçün imkanlar yaradacaq.

Ağdamda 1 nömrəli məktəbin təməli qoyulub. O məktəbdə təqribən minə yaxın şagird oxuyacaq. Ağdamda kompleks tədbirlər görülür - elektrik enerjisi ilə təchizat, Ağdama qaz xətlərinin çəkilişi layihəsi işlənilir, içməli suyun gətirilməsi, o cümlədən Xaçınçay su anbarının təmiri layihəsi builki İnvestisiya Proqramında vardır, yaşayış binaları, mehmanxana, iş yerləri.

Ağdamın yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulur. Bərdə-Ağdam avtomobil yolu, dəmir yolu inşa edilir. Avtomobil yolu təqribən bir ilə hazır olacaq. Füzuli-Ağdam avtomobil yolunun çəkilişi layihəsi artıq icra olunmağa başlamışdır. Bu yol həm Füzuli və Ağdam şəhərlərini birləşdirəcək, eyni zamanda, Ağdamı Füzuli Beynəlxalq Hava Limanı ilə birləşdirəcək və Ağdama başqa ölkələrdən gəlmək daha asan olacaq.

Bu işlər bir daha onu göstərir ki, ölkəmiz tarixi Zəfərdən sonra vaxt itirmədən quruculuq işlərinə start verib, siyasi iradə ortaya qoyub, bütün maliyyə və texniki imkanları, kadr potensialını səfərbər edibdir.

Qarşımızda böyük işlər vardır. Bu işləri maksimum səmərə ilə və keyfiyyətlə aparmaq üçün Ağdamın Baş planı təsdiq edilib. Görülmüş bütün bu işlərlə yanaşı, dini abidələrimiz də bərpa edilir. Ağdam Cümə məscidinin bərpa işlərinə başlanılıb. Bu işi Heydər Əliyev Fondu öz imkanları hesabına görür. Bu, Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir Həyata keçirilən intensiv quruculuq işləri bir daha göstərir ki, Ağdam qisa müddətdə yenidən qurulacaq, olkəmizin ən müasir şəhəri və mühüm istehsal mərkəzlərindən biri olacaqdır.

-Nəzərdə tutulan planlar, proqramlar onu deməyə əsas verirmi ki, dövlət başçısının rəhbərliyi ilə atılan addımlar Qafqazın Xirosimasını tezliklə Azərbaycanın incisinə çevirəcəyik?

-Heç şübhəsiz, Cənab Prezidentin rəhbərliyi altında Azərbaycan dövləti azad edilmiş bütün şəhər və rayonlarımızı dünyanın ən müasir və gözəl yerlərindən birinə çevirəcək. Dünya xalqları bü möhtəşəım quruculuq işlərini öz gözlərilə görmək üçün ölkəmizə səfərlər edəcək, doğma Vətənimiz dünyanın aparıcı turist və istirahət mərkəzləri arasında layiqli yer tutacaqdır.

-Ümumiyyətlə, dövlət başçısının işğaldan azad edilən ərazilərə müntəzəm səfərləri həmin şəhər və rayonlara Böyük Qayıdışı nə dərəcədə tezləşdirir?

-Cənab Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərə müntəzəm səfərlərinin başlıca məqsədi həmin şəhər və rayonlara Böyük Qayıdışı sürətləndirməkdir. Hər səfərdə onlarca strateji əhəmiyyət daşiyan obyekt və müəssisənin açılışı, təməli qoyulmuş işlərin hansı mərhələdə olması, tələb və ehtiyacların düzgün və dəqiq öyrənilməsi bütün diqqətin qarşıya qoyulan tapşırıqların vaxtında yerinə yetirilməsinə yönəldilməsini, bunların vəhdətinin təmin olunmasını tələb edir. Aparlan intesiv işlərin nəticəsi 30 (otuz) ilə yaxın müddətdə vətənindən didərgin düşmüş bütün insanların dədə-baba yurdlarına qayıdışını mümkün qədər tez bir zamanda reallaşdıracaqdır

-Bu günlər Şuşa bəyannaməsi həm Azərbaycan, həm də Türkiyə parlamentlərində ratifikasiya edilib prezidentlər tərəfindən təsdiq olundu. Bu sənəd Azərbaycan üçün hansı imkanlar yaradacaq və ölkəmizin təhlükəsizliyinin təminatı baxımından nə dərəcədə mühüm əhəmiyyət kəsb edir?

-Düz yüz il əvvəl imzalanan Qars müqaviləsinə istinadən hazırlanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir.

Şuşa Bəyannaməsi məhz keçmişə sadiqlik, gələcək üçün isə yol göstəricisi kimi xarakterizə olunur.

Bu sənədlə ümumi maraqların qorunmasında imkanların birləşdirilməsi, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsi Azərbaycanla Türkiyənin regional və beynəlxalq rolunu və çəkisini artıracaq.

Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində ölkələrimizin birgə təşəbbüsləri bu sahədə səylərin artırılmasının zəruriliyini göstərən ən gözəl nümunədir. Eyni zamanda, Qarabağda Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyəti regionda sülhün bərqərar olunmasının təsirli mexanizmi kimi diqqət çəkir.

Sənəddə birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi də xüsusi yer tutur. Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur.

Bu, Türkiyə ilə birbaşa hərbi müttəfiqlik deməkdir. Bununla Azərbaycan ərazilərinə Ermənistandan səslənən iddialara son qoyulur, Ermənistan tərəfindən sərgilənən revanşist mövqe artıq əhəmiyyətini tamamilə itirir. Çünki, bölgədə yaranan yeni geosiyasi reallıq bütün bunları mümkünsüz edir. Bu sənədin tarixi-strateji əhəmiyyətindən biri də odur ki, burada ilk dəfə "Zəngəzur dəhlizi" ifadəsi işlədilir.

Şuşa Bəyannaməsi həm də regionun iqtisadi inkişafına xidmət edəcək. Çünki sənədə əsasən, ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərinin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi nəzərdə tutulur. Həmçinin, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf edirilməsinə yönəldilmiş səylər əlaqələndilmiş şəkildə davam etdiriləcək. İntellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişaf etdirilməsi, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpa edilməsi, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafını təşviq edəcək.

Beləliklə, yuxarıda sadalanan mühüm amillərlə yanaşı, sənəddə türk dünyasının gücləndirilməsi, türk həmrəyliyinin möhkəmləndirilməsi, diaspor fəaliyyətinin genişləndirilməsi, eləcə də medianın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı birgə fəaliyyətə dair konkret müddəaların yer alması bu bəyannamənin tarixiliyini və əhəmiyyətini olduqca artırır. Bu da iki qardaş ölkə arasında tərəfdaşlığın inkişafı üçün yeni üfüqlərin açılacağını söyləməyə əsas verir.
Xəbəri paylaş