Newscenter.az.18.02.2022. Məlum olduğu kimi, bir neçə gün bundan əvvəl Azərbaycan tərəfinin hazırladığı “Ermənistan tərəfindən qeyri-kommersiya təşkilatları və xeyriyyə qurumlarından korrupsiya, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi məqsədilə sui-istifadə edilməsi” adlı hesabat BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayıldı.
Hesabatda 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Ermənistan hökumətinin bir çox ölkələrdə fəaliyyət göstərən erməni diaspor təşkilatları vasitəsilə humanitar yardım adı altında, beynəlxalq maliyyə ödənişi sistemlərindən istifadə etməklə qanunsuz ianə toplanması kampaniyalarının təşkil etdiyi və həmin kampaniyalar çərçivəsində yığılan vəsaitin Azərbaycanın suveren əraziləri daxilində onun mülki əhalisinə qarşı terror fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə xərclədiyi qeyd olunur.
Ermənistanın dövlət rəsmilərinin bəyanatları və erməni ictimai mənbələrinin məlumatları əsasında hazırlanmış hesabatda təkcə Vətən müharibəsi dövründə 73 ölkədə yaşayan erməni diaspor təşkilatları tərəfindən 170 milyon ABŞ dollarından artıq vəsaitin toplandığı və bunun 110 milyon ABŞ dolları hissəsinin müharibə xərclərinin ödənilməsi məqsədilə Ermənistanın dövlət büdcəsinə köçürüldüyü qeyd edilir.
Artıq bu faktlar BMT səviyyəsində də qəbul edilərək yayıldı. Bu hesabat bir daha onu göstərir ki, Ermənistan dövlət səviyyəsində terror və qətl siyasəti həyata keçirir. Hesabatın yayılması Azərbaycanın növbəti diplomatik qələbəsidir.
Məlum olduğu kimi, “Hayastan All Armenian Fund” Fondu illərdir Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi vəhşiliyi, barbarlığı, işğalı maliyələşdirən əsas qurumlardan biridir.
30 ildir bu Fond ayrı-ayrı ölkələrdə topladığı maliyyə yardımlarını Ermənistana ötürür. Artıq hesabatdan bu cinayətlərin qarşısının alınması və durdurulmasına keçmə vaxtıdır. Bu Fonda hansı ölkədə fəaliyyət göstərirsə həmin ölkədə onun fəaliyyəti qadağan olunmalıdır. Buna kifayət qədər hüquqi əsaslar var.
Sənəddə aydın əksini tapıb ki, bu Fond digər xalqlara qarşı cinayətlərin maliyələşdirilməsi ilə məşğuldur. Belə Fondun fəaliyyətinə göz yummaq özü də cinayətdir. Cinayətlə məşğul olduğu bilinən Fondun fəaliyyətinə göz yumduqca bu cinayətlər davam edəcək. Yenə də müharibələr davam edəcək, yaşlı insanlar, qadın və uşaqlar yenə bu cinayətlərin qurbanlarına çevriləcək.
Hesab edirəm xaricdəki səfirliklərimiz, diaspora təşkilatlarımız fəaliyyət göstərdikləri ölkələrdə həmin sənədi daha geniş yaymalı, Fondun cinayətləri barədə aktiv təbliğat aparmalı, Fondun fəaliyyətinin dayandırılması istiqamətində ciddi addımlar atmalıdırlar.
Ceyhun Məmmədov-Milli Məclisin deputatı