Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hər birimiz cəmiyyətə yaxşı mənada örnək olmağa çalışmalıyıq



Newscenter.az.18.02.2022. El dilində desək, müğənninin, məmurun, deputatın, həkimin, QHT rəhbərlərinin, partiya sədrlərinin gözləri qara deyil ki, kefləri istəyəndə durub icazəsiz-flansız işğaldan azad olunmuş rayonlara getsinlər, oradan selfilər çəksinlər, "kabab məclisləri"nin videogörüntülərini paylaşsınlar, cəmiyyətə pis nümunə olsunlar. Bizim hər birimiz cəmiyyətə yaxşı mənada örnək olmağa çalışmalıyıq.

Hamımız qanun qarşısında məsuliyyətimizi hiss etməliyik. Bu baxımdan, mən işğaldan azad olunmuş ərazilərə qanunsuz səfər edən şəxslərin cinayət məsuliyyətinə cəlb olunmalarını, cərimə edilmələrini və ya həbs olunmalarını düzgün hesab edirəm. Daxili İşlər Nazirliyinin (DİN) bu cür şəxslərə qarşı prinsipial mövqe tutması təqdirəlayiq haldır.

Mən Qarabağdan, Şərqi Zəngəzurdan olan insanlarımızın torpaq, yurd həsrətini yaxşı başa düşürəm. Çünki mən özüm də işğaldan azad edilmiş rayonlardan birinin sakiniyəm. Birinci Qarabağ müharibəsinin iştirakçısıyam. Vaxtilə uğrunda vuruşduğum torpaqlara səfər etmək, öz doğma yurdumu görmək üçün inanın ki, burnumun ucu göynəyir.

Ancaq indiyə qədər nə Ağdama, nədəki Füzuliyə, Cəbrayıla, Zəngilana, Qubadlıya, eləcə də işğaldan azad edilmiş digər şəhər və rayonlarımıza qanunsuz yolla səfər etməyə birdəfə də olsun səy göstərməmişəm. Gəlin biraz da səbr edək, əziz soydaşlar. İnşAllah Böyük Qayıdışımız mütləq baş tutacaq, xəyallarımız gerçək olacaq!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş