Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda özbək cərrahlar üçün kurs təşkil edilib



Newscenter.az.19.02.2022. M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin və Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin birgə özbəkistanlı cərrahlar üçün təşkil etdiyi “İrəli Laparoskopik Cərrahiyyə üzrə İxtisasartırma” kursu uğurla başa çatıb.

Newscenter.az xəbər verir ki, üç həftəlik kurs müddətində iştirakçılara M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin Kolorektal cərrahiyyə şöbəsinin rəhbəri, “Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti”nin sədri professor Qurbanxan Müslümov tərəfindən mədəaltı vəzin şişləri zamanı icra edilən “Laparoskopik Vipl” əməliyyatı, qida borusunun şişləri zamanı icra edilən “Torako-Laparoskopik Ezofaqektomiya-qida” borusunun çıxarılması əməliyyatı, endoskopik üsulla qalxanvari vəz üzərində aparılan əməliyyatlar, eləcə də endoskopik və laparoskopik üsulla icra edilən bir sıra digər əməliyyatlar barədə xüsusi simulyatorlar üzərində təlimlər keçirilib.

Qeyd edək ki, özbəkistanlı cərrahların Azərbaycana səfərinin əsas məqsədi son illər cərrahiyyədə lider mövqe qazanmaqda olan endoskopik, laparoskopik və torakoskopik cərrahiyyə sahəsində ən son yeniliklərlə əyani tanış olmaq, eyni zamanda bilik və bacarıqlarının artırılmasından ibarət olub.

Kursda iştirak edən Özbəkistan Respublikasının Səmərqənd şəhər mərkəzi xəstəxanasının 3, Təcili Tibbi Yardım Elmi Mərkəzinin Əndican filialının 1 cərrahına kursu uğurla başa vurduqlarına görə sertifikatlar təqdim edilib.

Bu münasibətlə keçirilən tədbirdə Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov, müşavir Mahammadjon Botraliyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov, Beynəlxalq əlaqələr departamentinin rəhbəri Ruslan Abdullayev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Ramin Ağayev, İTS və TƏBİB-in müvafiq şöbələrinin əməkdaşları Fatima Həsənova, Ramin Burcəliyev, M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin Kolorektal cərrahiyyə şöbəsinin rəhbəri, “Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti”nin sədri professor Qurbanxan Müslümov, kiçik elmi işçi, ümumi cərrah Vüqar Behbudov iştirak edib.
Tədbirdə çıxış edənlər Azərbaycan-Özbəkistan arasında digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də səmərəli əməkdaşlıq əlaqələrinin mövcudluğunu diqqətə çatdırıb və kursun əhəmiyyətindən danışıblar.

Kurs iştirakçıları isə öz növbələrində təlimlər zamanı əldə etdikləri bilik və təcrübənin gələcək fəaliyyətlərində önəmli rol oynayacağını qeyd ediblər.

Mehman
Xəbəri paylaş