Newscenter.az.19.02.2022. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qırğızıstan Respublikasının ölkəmizdə Fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmanəliyevi qəbul edib.
Newscenter.az xəbər verir ki, səmimi şəraitdə keçən görüşün əvvəlində Azərbaycanla Qırğızıstan arasında bütün sahələrdə olduğu kimi, dini-mənəvi sahədə əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirən QMİ sədri həm iki ölkə arasında, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrin dərinləşməsinin önəmini vurğulayıb. A. Paşazadə qeyd edib ki, türk dövlətlərinin müsəlman dini liderlərinin mövcud əlaqələrinin inkişaf etdirilməsi baxımından yeni təşkilati addımlar atılması məqsədəuyğundur. Şeyxülislam Qırğızıstanın türk dünyasının ayrılmaz parçası olduğunu vurğulayaraq belə bir formatın içində yer almasının əhəmiyyətini qeyd edib.
Şeyxülislam A. Paşazadə Azərbaycan xalqının qardaş Qırğızıstan və Tacikistan arasında baş verən məlum hadisələrdən dərin təəssüf hissi keçirdiyini qeyd etdi və bu narahatlığı, habelə Azərbaycanın və bütün Qafqazın dini lideri, MBD dinlərarası şurasının həmsədri olaraq iki dost, qardaş xalq və dövlət arasında meydana gələn anlaşmazlığın həllində əlindən gələni etməyi özünə Allah qarşısında borc bildiyini hər iki ölkənin dini liderlərinə ünvanladığı məktublarda ifadə etdiyini xatırladıb. QMİ sədri bu gün də iki dost və qardaş xalq arasında daimi sülhün bərqərar olması üçün əlindən gələni etməyə hazır olduğunu bildirib.
Qırğızıstan səfiri K. Osmanəliyev QMİ sədrinə onu qəbul etdiyi və şəxsən tanış olmaq imkanını yaratdığı üçün öz səmimi təşəkkürünü bildirdi və Qırğızıstanda şeyxülislam Allahşükür Paşazadənin fəaliyyətini yaxından izlənildiyini və yüksək qiymətləndirildiyini vurğuladı. Səfir QMİ sədrinin Qırğızıstanla Tacikistan arasında baş vermiş anlaşmazlıqla əlaqədar sülhə və qardaşlığa çağırış məktubuna görə ona təşəkkür etdi. Daha sonra K. Osmanəliyev Ulu Öndər Heydər Əliyevin 1995-ci ildə Manas dastanının 1000 illiyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün Qırğızıstana səfəri zamanı bəyan etdiyi “dilimiz bir, dinimiz bir” məfkurəsinin bu qün iki qardaş ölkə arasında inkişaf etməkdə olan əlaqələrin bünövrəsini təşkil etdiyini dedi. Öz növbəsində A.Paşazadə Ulu Öndərin onunla bu səfər haqqında təəssüratları ilə bölüşdüyünü qeyd etdi.
Daha sonra bu yaxınlarda baş tutmuş Vatikan səfəri barədə danışan QMİ sədri bildirdi ki, bu səfər dinlərarası dialoq müstəvisində, müsəlman-xristian əlaqələri tarixində önəm kəsb edən səfər Müqəddəs Taxt-Tacla yalnız Azərbaycanla deyil, bütün türk və islam dünyası ilə əlaqələrin inkişafına öz töhfəsini vermək, yeni imkanlar açmaq baxımından da uğurlu oldu. Belə ki, A. Paşazadə Vatikan nümayəndələrinin Mərkəzi Asiya ölkələri ilə, o cümlədən, Qırğızıstanla əlaqələrdə maraqlı olduqları və dinlərarası əməkdaşlığın qurulmasında QMİ-nin bu regiondakı nüfuz və imkanlarından faydalanmaq istəklərinin olduğunu qeyd etdi.
Sonra Şeyxülislam A.Paşazadə qonağa QMİ-nin və onun sədrinin fəaliyyətini əks etdirə kitabları təqdim etdi.
Mehman