Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağ Azadlıq Təşkilatının regionlarda görüşləri başlayıb



Newscenter.az.19.02.2022.
Fevral ayının 18-dən etibarən Qarabağ Azadlıq Təşkilatının regionlarda görüşləri başlayıb. Budəfəki tədbir “Ağdam və Tərtərdə II Qarabağ müharibəsindən sonrakı vəziyyət, insan faciələri, dağıntılar, dinc əhaliyə dəyən zərər” mövzusunda həyata keçirilən layihə çərçivəsində torpaqlarımızın erməni vandalları tərəfindən işğalı, habelə müharibə nəticəsində dinc əhaliyə qarşı törədilmiş terror aktları ətrafında faktların toplanması və dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə təşkil olunub. Təşkilatın sədri Akif Nağı və digər təmsilçiləri – Fərman Məmmədov, Şirzad Pirallahi və Novruz Novruzov ilk olaraq Ağdam rayonunda ictimaiyyətin nümayəndələri, QAT-ın yerli təşkilatının üzvləri və ictimai fəallar, habelə zərərçəkmiş şəxslər, onların ailə üzvləri ilə görüşlər keçirmişlər.

Newscenter.az QAT mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Allahverən Əliyevlə söhbət zamanı hakimiyyət təmsilçisi bu istiqamətdə görülən işlər barədə ətraflı məlumat vermişdir. Vətən müharibəsiinin gedişində erməni silahlı birləşmələri tərəfindən Ağdam rayonunun yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə külli miqdarda zərər dəymişdir. Bu faktlar üzrə Nazirlər Kabineti tərəfindən yaradılmış İşçi Qrupları tərəfindən 1851 akt tərtib edilib. Tərtib edilmiş bütün aktlar üzrə icra strukturları müvafiq tədbirlər görmüş, zərər çəkmiş evlər ya əsaslı təmir edilmiş, ya da yenidən tikilmişdir.

İctimaiyyətin nümayəndələri ilə görüşdə QAT sədri Akif Nağı bildirmişdir ki, dövlətin öz vətəndaşlarının qayğısını çəkməsi, erməni qəsbkarları tərəfindən əhaliyə vurulmuş zərərin ödənilməsi zəruri təbii prosesdir. Bu, belə də olmalıdır. Çünki, ümummilli məsələlərdə “dəmir yumruq” anlamında birləşmiş xalqın idarəçiliyində bu addım mühüm amildir. Ancaq, bu, elə bir həssas prosesdir ki, hər bir problem şaxələnmiş şəkildə məntiqi ardıcıllıq əsasında yeni məsələlərlə müşahidə olunur. Yəni, bir problemin həlli qurtarandan sonra eyni obyekt üzrə yeni vəzifələr meydana çıxır, yaxud, ola bilər ki, vətəndaş heç də hər zaman ona göstərilən qayğıdan razı qalmır. Bunlar da normal prosesdir. Əsas odur ki, dövlət daim vətəndaşının yanında olsun, onun yaşamaq və yaratmaq potensialının praktiki tətbiqinə kömək etsin.

QAT yerli təşkilatının sədri Xəyalə Xudadatova və üzvləri, habelə zərərçəkmişlərlə dəyirmi masa ətrafında keçirilmiş söhbətdə mövzu ətrafında müzakirələr aparılmış və zərərçəkənlərin özləri dinlənilmişdir. “Dəyirmi masa”da iştirak edən 27 nəfərin hamısı ilk növbədə Azərbaycan xalqının, müzəffər ordumuzun və ağıllı siyasəti və rəhbərliyi ilə xalqın qəlbini fəth etmiş Prezident, Ali Baş Komandan İlham Əliyevin fədakar əməyindən razılıqla bəhs etmişlər. Söhbətin iştirakçısı olan, ailə üzvlərindən 4 şəhidin dağını ürəyində daşıyan qazi Mehman Göyüşov erməni faşizminin törətdiyi dəhşətli əməllərdən bəhs edərkən bildirib: “Ermənilərin etdiklərini şüursuz sayılan heyvan da etməz”. İki oğlundan böyüyünün torpaqlarımız uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucalmış Maya Quliyevanın övlad dərdi onu erməni vəhşiliyinə qarşı üsyana çağırır. Maya xanım II Qarabağ müharibəsindən əvvəl erməni snayperi tərəfindən qətlə yetirilmiş kiçik yaşlı məsum şəhidimiz Zəhranı da xatırlayaraq “ermənidən bizə dost olmaz” aforizmini hiddətlə meydana atdı. Şəhid anasının fəryadı erməni faşizminin insanlara gətirdiyi bəlaların bariz ifadəsi idi. “Biz ermənilərə heç nə etməmişik, amma ermənilər bizə zülm ediblər” deyən Ağdam rayon sakini Hüseyn Məmmədov bildirdi ki, biz ağdamlılar torpağa bağlı insanlarıq, məramımız humanizm və sülhpərvərlikdir. Tamam Qasımova Xocalı soyqırımını törədən ermənilərin öz əməllərinə görə ədalət məhkəməsində cavab verməli olduqlarını, Siyafət Fərzalıyeva Vətən yolunda şəhid olan övladı ilə fəxr etdiyini dilə gətirdi. Canqar Məmmədov, Mirəli Manafov, Əlvan Cəfərov və başqaları öz problemlərindən və bunların dövlət tərəfindən qarşılanmasından danışmaqla yanaşı elliklə bir arzunu ifadə etdilər: “İnşallah, tezliklə bayrağımız Xankəndidə dalğalanar”.

İki saat davam edən “dəyirmi masa”nın sonunda Ağdam RİH başçısı Vaqif Həsənov da söhbətə qoşuldu. Başçı iştirakçılardan üzr diləyərək bildirdi ki, rayonun Milli Qəhrəmanı Samir atasının dəfn mərasimində iştirak etdiyi üçün tədbirə gec qoşulub. V.Həsənov əsəs mətləbin zərəçəkmiş insanlara dövlət qayğısının yüksək səviyyədə yerinə yetirilməsinin olması barədə danışaraq QAT-ın tədbirinin əhəmiyyətli olduğunu diqqətə çatdırdı. “İlk növbədə dünya ictimaiyyətinə erməni vandalizminin iç üzünü tanıtmaq baxımından bu layihə böyük rol oynayacaq” deyən V.Həsənov layihəni həyata keçirən QAT üzvlərindən xahiş etdi ki, zərərçəkmiş əhali arasından daha az tanıdılan insanların dərdləri öyrənilsin, ictimailəşdirilsin və icra orqanlarının diqqətinə çatdırılsın. Ona görə ki, faktların çoxluğu hansısa problemin həllini gecikdirə bilər. Bu cür tədbirlər narazılıq doğuran məqamların üzə çıxarılmasında bəzən həlledici rol oynayır. Məsələn, evləri uçub dağılmış vətəndaşlardan indiyədək 200-ə qədər narazılıq mesajları alınıb. Artıq bu məsələlərin 175-i, məhz, zərərçəkmişin arzu etdiyi şəkildə həll olunub. Təbii ki, bu cür problemlərin həllində qanunun və faktların hökmü əsas götürülür. Yerdə qalan faktlar da araşdırılaraq lazımı tədbirlər görüləcək.

Ağdamda QAT-ın başladığı layihə Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilir. Lahiyənin gerçəkləşdirilməsi davam edir.

Mehman
Xəbəri paylaş