Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mehriban xanım Əliyevanın xalqın rəğbətinə səbəb olmuş önəmli fəaliyyət istiqamətləri



Newscenter.az.20.02.2022. Bütün zamanlardan fərqli olaraq, bu gün - XXI əsrdə Azərbaycan qadınını Vətən naminə çalışmağa, xalqına qarşı olan xüsusi rəğbəti hər gün daha da artırmağa ruhlandıran böyük bir səbəb vardır. Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə Azərbaycan qadını üçün möhtəşəm bir tarix başlanıb. O, təkcə Azərbaycanda deyil, ümumiyyətlə, bütün dünyada layiq olduğu şöhrətə, ucalığa yüksəlib. Əsrimizin məşhur, görkəmli qadınları sırasında indi onun da adı, pozulmaz dəstxətti var. Ölkəmizin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın şəxsində Azərbaycan qadınının qazandığı nailiyyət qadın fəallığı ənənələrinə yeni nəfəs verir. Bugünkü və gələcək nəsillər üçün davamlı inkişafa yol açır.

2017-ci il 21 fevral tarixində Partiyamızın sədri, Ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunub. Təhlükəsizlik Şurasının iclasında Birinci vitse-prezidenti təqdim edən Prezident İlham Əliyev deyib: “Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır”.Xüsusilə qeyd olunmalı məqamlardan biri - 2017-ci il 21 fevral tarixində Təhlükəsizlik Şurasının iclasında Mehriban xanım Əliyeva ölkənin Birinci vitse-prezidenti kimi ilk çıxışı zamanı qeyd etmişdir: “Biz fəxr edirik ki, son illər ölkəmizdə baş verən müsbət meyillərdə, dəyişikliklərdə, inkişafda Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasında biz kiçik də olsa öz töhfəmizi verməyi bacarmışıq. Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır... Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”.

Bəli bu fikirlər məhz Mehriban xanım Əliyevanın səmimiyyətindən və humanizm prinsipinə əsaslanan xeyirxah əməllərindən xəbər verirdi. Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilən layihələrin istiqamətləri təhsil, səhiyyə, mədəniyyət, eləcə də sosial, ekologiya, idman və s. sahələri əhatə edir. Demək olar ki, heç bir sahə onun diqqətindən kənarda qalmır. Bu gün həm Birinci vitse-prezident, həm də birinci xanım statusu onun sosial məsuliyyətini daha da artırır və öz müsahibələrinin birində etiraf etdiyi kimi, insanların rifahı naminə humanitar proqramların səmərəliliyinin gücləndirilməsinə yönəldilmiş bütün mümkün imkanlardan istifadə etməyə məcbur edir.O, humanizm və qayğı kimi keyfiyyətləri təcəssüm etdirən rəmzə çevrilməklə hamı üçün gözəllik, xeyirxahlıq və mərhəmət nümunəsi olub. Hazırda Azərbaycan qadını Mehriban xanım ilə, onun nüfuzu ilə haqlı olaraq fəxr edir, ondan nümunə götürür.Hörmətli Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ötən illər ərzində fəaliyyəti dövründə təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Həyata keçirilən proqram və layihələr Azərbaycanda təhsilin, mədəniyyətin qarşısında duran problemlərin həlli üçün yaşıl işıq yandırır. Eyni zamanda, insanların sağlamlığı, gənc nəslin təlim-tərbiyəsi, fiziki hazırlığı, xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olan uşaqların məişət şəraitinin yaxşılaşdırılması, ekologiyanın təmizlənməsi, Azərbaycan mədəniyyətinin təbliği, milli-mədəni irsin qorunması Fondun diqqət mərkəzində saxladığı məsələlər sırasındadır.

Azərbaycanın hərtərəfli inkişafı naminə həyata keçirilən müqəddəs siyasətdə Partiyamızın Sədri, Ölkə Prezidenti Cənab İlham Əliyevin ən böyük dəstəkçisi, yaxın silahdaşı və xalqımızın sevimlisi olan hörmətli Mehriban xanım Əliyevaya YAP Yevlax rayon təşkilatının kollektivi adından möhkəm cansağlığı və bütün fəaliyyətində uğur dolu müvəffəqiyyətlər arzu edirəm!

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri
Xəbəri paylaş