Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu gün Azərbaycan bölgədə təhlükəsizlik və davamlı iqtisadi inkişaf üçün mühüm ölkə kimi çıxış edir



Newscenter.az.23.02.2022. Bu gün Azərbaycan bölgədə təhlükəsizlik və davamlı iqtisadi inkişaf üçün olduqca mühüm ölkə kimi çıxış edir. Azərbaycanın istər bölgə daxilində, istərsə də beynəlxalq miqyasda əməkdaşlıq əlaqələri, həyata keçirdiyi və ya dəstək verdiyi layihələr əsas stimulyatordur.Bu kontekstdə danışarkən Azərbaycan və Rusiya münasibətləri üzərində xüsusi dayanmaq lazım gəlir. İki ölkə arasında tarixi bağlılıq müstəqillik illərində sıx siyasi, iqtisadi, sosial, humanitar, mədəni əlaqələrin ardıcıl xarakteri və dərinləşməsi ilə müşayiət olunub.

Dövlət Başçısının Rusiya dövlət başçısı ilə görüşdə səsləndirdiyi “Bizim ölkələrimiz arasında münasibətlər möhkəm mehriban qonşuluq və dostluq ənənələrinə malikdir. Rusiya Federasiyası ilə münasibətlər Azərbaycanın xarici siyasətində çox mühüm yer tutur. Bütün istiqamətlər üzrə müsbət dinamika müşahidə edirik. Dövlətlər səviyyəsində müntəzəm siyasi dialoq mövcuddur. Azərbaycan və Rusiya beynəlxalq arenada bir-birini dəstəkləyir. İqtisadi əməkdaşlıq artıq öz bəhrələrini verir və bu, çox sevindirici haldır” sözlərindən də aydın olur ki, iki ölkə arasında iqtisadi əlaqələr ilk növbədə yüksək ranqlı, qarşılıqlı siyasi anlaşmaya, dialoqa, siyasi müttəfiqliyə söykənir.

İki ölkə arasında qarşılıqlı investisiya sahəsində yaxşı dinamika müşahidə edilir. Azərbaycan Rusiya iqtisadiyyatına təxminən 1,2 milyard dollar, Rusiya isə Azərbaycan iqtisadiyyatına 4,9 milyard dollar sərmayə qoyub. Azərbaycanda Rusiya kapitalı olan 950 şirkət fəaliyyət göstərir ki, bu da ölkəmizdə xarici kapitalı olan bütün şirkətlərin 10%-ni təşkil edir.

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi də daim artır. 2018-ci ildə bu, 19% idisə, bu ilin ilk on ayında 23%-ə çatıb.
Beləliklə demək olar ki, iki ölkə arasında əlaqələr bir çox istiqamətlərdə əhəmiyyət kəsb edir:

Birincisi, Azərbaycan öz ixrac potensialını realizə etmək üçün Rusiya kimi geniş bazara çıxış əldə edir.

İkincisi, Rusiya Azərbaycanda investisiya imkanlarından yararlanır və bu, həm də Azərbaycan üçün xarici investisiya kimi əhəmiyyətlidir.

Üçüncüsü, əlaqələr siyasi dialoqa, etibarlı tərəfdaşlıq, müttəfiqlik münasibətinə söykənir və bu, bütün digər əməkdaşlıq əlaqələri üçün möhkəm sütun rolunda çıxış edir.

Dördüncüsü, bu əlaqələr regionda sabitlik, təhlükəsizlik və davamlı inkişaf meyillərini və maraqlarını gücləndirir.

Varis Rüstəmov-YAP Sabirabad rayon təşkilatının sədri
Xəbəri paylaş