Newscenter.az.23.02.2022. Dünən Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalandı və təəssüf ki, bu sənəd elə ilk andan məqsədli dairələr tərəfindən təhrif olunaraq cəmiyyətə tam yalnış istiqamətdən təlqin olunmaqdadır. Hesab edirəm ki, iki yalnış istiqamətdə irəli sürülən bu tezislərin elə Bəyanatın öz maddələri ilə nə qədər cılız olduğunu sübut edə bilərik:
1. Bu sənəd iddia olunduğu kimi Bizim dövlət müstəqilliyimizi və xalqın suverenliyini təhdid edirmi?
43 maddəlik bəyanatda milli maraqlara, bərabərhüquqlu əməkdaşlığa, BMT-nin mərkəzi rolunu qəbul etməklə beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına, xüsusən, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət prinsiplərinə riayət edilməsi 9 fərqli maddədə təkrarlanır. Eyni zamanda sənəddə beynəlxalq hüquqa zidd, müstəqilliyimizi, suverenliyimizi təhdid edən, Azərbaycanın digər dövlətlərlə ikitərəfli və çoxtərəfli əlaqələrinə müdaxilə edən, beynəlxalq təşkilatlara üzvlüyü ilə bağlı məhdudlaşdırma müəyyənləşdirən, yaxud, Rusiyanın xarici siyasətini birmənalı dəstəkləmək öhdəliyi niyyətini güdən nəinki heç bir maddə, ümumiyyətlə heç bir nüans yoxdur.
2. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə Türkiyənin bölgədə roluna mənfi təsir edəcəkmi?
Əvvəlcə onu qeyd edək ki, bu tezis özlüyündə qüsurludur, çünki, Azərbaycanın sərhədləri daxilində yalnız bir güc var, o da Azərbaycanın özü. İkincisi, Azərbaycan da, Rusiya da, qardaş Türkiyə də suveren dövlət olaraq digər beynəlxalq hüququn subyektləri ilə müstəqil əlaqələr qurmaq hüququna malikdirlər və cari bəyanata da məhz bu prizmadan baxılmalıdır. Üstəlik, Rusiyadan daha öncə biz ikinci dövlətimiz Türkiyə ilə Şuşa bəyannaməsi kimi müstəsna əhatəli bir sənədlə müttəfiqlik münasibətlərimizi təsbit etmişik və Ankara -Bakı əlaqələrini istənilən münasibətlərlə müqayisə etmək özü qüsurludur. Digər tərəfdən, sirr deyil ki, Türkiyə özü bu gün regionda Rusiya ilə ən sıx qarşılıqlı əməkdaşlığa malik NATO üzvüdür.
Bütün bunların fonunda ortaya başqa bir sual çıxa bilər, bəs Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin bizim üçün hansı əhəmiyyəti var?
Bu sənədin imzalanması ilə prezident İlham Əliyev çox gərgin bir periodda balansı qoruyaraq Azərbaycanı Rusiya ətrafında cərayan edən təhlükəli tendensiyalardan sığortaladı. Etiraf etməliyik ki, Rusiya kimi böyük dövlətlərlə münasibətlərdə qızıl ortanı tapmaq şərtdir. Qafqazda isə Moskva ilə münasibətlərdə bu qızıl ortanı taparaq müstəqilliyinə, ərazi bütövlüyünə xələl gətirməyən, bərabərhüquqlu münasibətlər qura bilən yeganə lider İlham Əliyevdir. Nəticə etibarı ilə prezident Əliyev nəinki ən çətin və təhlükəli periodlarda ölkənin ərazi bütövlüyü və suverenliyini qoruyub saxlaya bildi, üstəlik, Rusiya kimi bölgədə ciddi maraqları olan bir supergücün müttəfiqi Ermənistana rəğmən, 44 günlük savaşda Azərbaycanın mövqeyinə siyasi dəstək verməsinə nail oldu. Bəyannamə ilə isə, artıq iki ölkənin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında müttəfiqlik dövrü başlanır. Həm də hansı məqamda?! Reallığı anlamaq üçün sadəcə sağa sola, şimala cənuba diqqət yetirmək kafidir.
Digər tərəfdən, əməliyyat və döyüş hazırlığı üzrə birgə tədbirlərin keçirilməsi, müasir silah və hərbi texnika ilə təchiz olunma, beynəlxalq-hüquqi öhdəliklər nəzərə almaqla hərbi yardım göstərilməsi formatında hərbi-siyasi əməkdaşlığı inkişaf etdirmək niyyətinin bəyan edilməsi, indiyədək Qafqazda Rusiya üçün birmənalı hərbi tərəfdaş olan Ermənistanı Azərbaycana qarşı Rusiya adlı təhdid amilindəm məhrum edir. Daha sadə dillə desək, cənab İlham Əliyev 44 günlük müharibədə Ermənistanın hərbi portensialını sıradan çıxarmışdısa, bu sənədlə də İrəvan perspektivdə Azərbaycan və Rusiyanı üz-üzə qoymaq imkanını itirdi.
Həmçinin, sənəddə atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlığın nəzərdə tutulması, bu günə qədər məhz Rusiyanın dəstəyi ilə Metsamor AES-in timsalında bu sahədə bölgədə təbii inhisarçı olan Ermənistanı mövcud statusdan məhrum edəcək.
Yəni, bütün bunları ümumiləşdirərək, hesab edirəm ki, psevdo vətənpərvərliklə, dayaz yanaşmalarla, uyğunsuz müqayisələr aparmaqla bəyanatın mahiyyətini təhrif etməyə lüzum yoxdur. Ən azından ona görə ki, sənəddə beynəlxalq hüquqa zidd, müstəqilliyimizi, suverenliyimizi təhdid edən, Azərbaycanın digər dövlətlərlə əlaqələrinə müdaxilə edən, yaxud Rusiyanın xarici siyasətini birmənalı dəstəkləmək öhdəliyi niyyəti güdən heç bir nüans yoxdur.
Bəhruz Məhərrəmov-Milli Məclisin deputatı