Newscenter.az.23.02.2022. “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin imzalanması ilə Azərbaycan-Rusiya münasibətləri növbəti mərhələyə qədəm qoyur. Moskva bəyannaməsinin imzalanması Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın növbəti diplomatik uğuru kimi qiymətləndirilməlidir.
Bu gün dünyada ciddi proseslər gedir, dünya nizamı yenidən qurulur. Rusiya-Qərb münasibətləri özünün ən gərgin dövrlərini yaşayır. Heç şübhəsiz ki, əlaqələrin gərginləşməsi keçmiş Sovet məkanına da təsirsiz ötüşmür. Rusiya ilə münasibətlərin pozulmasının bir sıra keçmiş Sovet respublikaları üçün hansı problemləri yaratdığının acı nümunələri göz qabağındadır.
Unutmamalıyıq ki, Rusiya güclü və böyük dövlətdir, onun bölgədə tarix boyu marağı olub olacaq. Rusiya ilə münasibətlərin gərginləşdirilməsi Azərbaycanın dövlət maraqlarına uyğun deyil.
Onu da nəzərə almalıyıq ki, keçmiş Qarabağ münaqişəsinin həllində vasitəçiliyi Rusiya öz üzərinə götürüb. Azərbaycan uzun müddətdir müxtəlif beynəlxalq qurumlar vasitəsilə münaqişənin həllinə çalışdı, ancaq heç bir nəticə olmadı. Bu gün Rusiyanın vasitəçiliyi ilə bu istiqamətdə xeyli məsafə qət etmişik. Hazırda Rusiyanın iştirakı olmadan problemin tam həlli mümkün deyil.
Bəyannamənin əhəmiyyətinə gəldikdə isə sənəddə təhlükəsizlik, siyasət, iqtisadiyyat, humanitar sahədə əməkdaşlıqla bağlı bir çox vacib məsələlər öz əksini tapıb. Ən mühüm məsələlərdən biri də dövlətlərin bir-birinin suverenliyinə, müstəqilliyinə hörmət etməsinin, bir dövlətin ərazisindən digər dövlətə qarşı istifadəyə icazə verməməsinin sənəddə əksini tapmasıdır.
Yuxarıda qeyd etdiyimiz kimi, sənədin imzalanması ilə Azərbaycan-Rusiya münasibətləri yeni bir mərhələyə qədəm qoyacaq, qarşılıqlı əlaqələr daha da inkişaf edəcək.
Son günlər separatçıların Qarabağda təxribatları davamlı xarakter almışdı. Rusiyanın Ukrayna ilə bağlı qəbul etdiyi qərarlardan sonra ermənilərin iştaha və iddiası artmışdı. Bəyannaməin imzalanması Qarabağda cərəyan edən hadisələrə də ciddi təsir edəcək, prosesin uğurla yekunlaşması üçün yeni imkanlar yaradacaq.
Rusiya ilə Bəyannamənin “Şuşa Bəyannaməsinə” təsirinə gəldikdə isə sözügedən sənədlərin hər ikisi Azərbaycanın müstəqilliyinin və suverenliyinin möhkəmlənməsi, təhlükəsizliyinin təmin olunması məqsədilə imzalanıb. Azərbaycan bir çox addımları Türkiyə ilə koordinasiyalı şəkildə atır. Onu da nəzərə almaq lazımdır ki, bu gün Türkiyə ilə Rusiya arasında münasibətlər yüksək səviyyədədir. Bir sıra beynəlxalq və regional layihələrdə hər iki ölkə sıx əməkdaşlıq edir.
Yekun olaraq qeyd etmək lazımdır ki, bölgədə yaranmış gərginlik fonunda Prezident İlham Əliyev Azərbaycanı regionda və dünyada baş verə biləcək təhlükələrdən qorumaq üçün növbəti uğurlu diplomatik addım atdı. Bütün addımlar müstəqilliyimizin və qələbəmizin möhkəmlənməsinə, təhlükəsizliyimizin qorunmasına yönəlib.
Ceyhun Məmmədov-Milli Məclisin deputatı