Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tərtərdə erməni vandalizminin nəticələrinə dair toplantı keçirilib



Newscenter.az.23.02.2022. Tərtər rayonu həm birinci, həm də ikinci Qarabağ müharibəsində işğalçı Ermənistana qarşı əzmkarlıqla mübarizə aparanlar sırasında xüsusi çəkiyə malikdir. Azərbaycan Ordusunun şəxsi heyəti ilə yanaşı rayonun əhalisi də 30 il ərzində çox çətinliklərə sinə gərmiş, mərdliklə vuruşaraq torpaqlarımızın azadlığı işinə özlərinə məxsus töhfələr vermişlər.

Newscenter.az xəbər verir ki, Akif Nağının başçılıq etdiyi QAT-ın xüsusi qrupu “II Qarabağ müharibəsindən sonrakı vəziyyət, insan faciələri, dağıntılar, dinc əhaliyə dəyən zərərlər barədə materialların toplanması və təbliği” mövzusunda həyata keçirilən layihə çərçivəsində bu dəfə Tərtər rayonuna səfər ediblər. QAT heyəti RİH-nin başçısı Müstəqim Məmmədovla görüşdə bu sahədə görülən işlərdən, dağıntıların aradan qaldırılmasından, eyni zamanda tariximizin ən ağrılı dövrlərindən biri kimi bu hadisələrin yaddaşlarda qalması üçün həyata keçirilən tədbirlərdən bəhs etdilər.

QAT sədri Akif Nağı erməni faşizminin sonu olmayan vəhşiliyindən bəhs edərək bildirdi ki, düşmən öz mənfur əməllərini törədən zaman geridə qalan bütün körpüləri yandırır. Azərbaycan xalqı və dövləti tarix boyu dəfələrlə ermənilərə yardım əllərini uzadaraq onlara tarixin səhnəsində qalmağa kömək edib. Lakin əvəzində nankorluq görüb. Biz gərək gənc nəsli elə öyrədək, elə tərbiyə edək ki, onlar xalqımıza dost və düşmən olanları yaxşı tanısınlar, siyasətdə və gələcəyə aparan yolda sərvaxt olsunlar. Buna görə də Qarabağ müharibəsi zamanı ölkəmizə vurulan zərəri diqqətlə araşdırmalı, faktları toplayıb dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq ki, “kimin kim olduğu” beynəlxalq aləmdə yaxşı bilinsin.

İcra başçısı M.Məmmədov məlumat verdi ki, döyüşlərdə əsgərlərimizin həmlələrinə cavab verməyi bacarmayan düşmən dinc sakinləri və mülki obyektləri hədəfə alaraq qisas almağa çalışıb. Ermənilər bu yolla cinayətkar olduqlarını bir daha təsdiqləyib, camaatın ev-eşiyini dağıdıb və dinc sakinlərin ölümünə səbəb olublar. Düşmən tərəfindən vurulmuş zərərlə bağlı ötən müddət ərzində yerli icra hakimiyyətinə 6879 müraciət daxil olub. Bunlardan 3663-ü fərdi yaşayış evlərinə dəymiş ziyanla bağlıdır. 83 çoxmənzilli binalarda yaşayan 1741 ailədən gələn şikayətlər bu sıradandır. Dağıdılmış sosial obyektlər arasında çoxlu sayda tikililər, o cümlədən məktəblər, gənclər mərkəzi, tibb və mədəniyyət müəssisələri, inzibati binalar, nəqliyyat vasitələri və sairə var. Dağıntılara məruz qalmış obyektlərin böyük əksəriyyəti bərpa edilmiş, tamamilə dağıdılmış evlər isə yenidən tikilmişdir.

İcra başçısı ilə görüşdən sonra ictimaiyyət nümayəndələri ilə keçirilən toplantıda qazilər, həlak olmuş döyüşçülərin ailə üzvləri, QAT-ın rayon təşkilatının üzvləri və fəalları iştirak etdilər. Toplantını açan Tərtər rayon icra aparatının Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsini müdiri, özü də müharibə iştirakçısı olan Ülvi Nəcəfov qısa məlumatdan sonra sözü QAT sədrinə verdi.

İkinci Qarabağ müharibəsinə Tərtər cəbhəsinin nə qədər ağır olduğunu hamımız bilirik,- deyə, Akif Nağı rayon əhalisinin fədakarlığını yüksək qiymətləndirdi: “Ordumuzla yanaşı rayonun hər bir sakini də öz fəaliyyəti ilə qəhrəman adına layiqdir. Çünki, onlar dəhşətli gülləboranın altında davam gətirərək şəhərdə qaldılar və bununla da düşmənə sarsıdıcı mənəvi zərbə vurdular. Bizim hər birimizin üzərimizdə erməni vəhşiliyinin izləri var. İndi bəzən ermənilərlə dostluqdan danışırlar. Bu qədər vəhşilikdən sonra biz ermənilərlə necə dost ola bilərik?! Biz dünya ictimaiyyətinə erməni yalanlarını ifşa edən, onların vandal xarakterlərini açıb göstərən faktları çatdırmalıyıq”.

Ülvi Nəcəfov bildirdi etdi ki, Tərtər rayonu üzrə İkinci Qarabağ müharibəsi zamanı 44 hərbi, 16 mülki şəxs şəhid olub, 60-dan çox adam yaralanıb, 1500 nəfər sakin müharibədə iştirak edib.

Şəhid ailəsi İradə Əmirova ailəsinin şəhidləri barədə danışarkən dedi ki, Prezident sağ olsun, biz düşmənin bizə verdiyi bəlaları heç vaxt unutmayacağıq: “Allah erməni kimi şərəfsiz millətə lənət eləsin!”.Toplantıda çıxış edən Birinci Qarabağ müharibəsi şəhidinin övladı Ziya Mahmudov da onun səsinə səs verərək dedi: “Müharibə o zaman bitəcək ki, ermənilər bizim torpaqlardan rədd olub gedəcəklər”.
Qazi Xəyyam Hüseynli, Namiq Kamal Adiloğlu, iki şəhid atası Asif Abbasov, şəhid atası Qaryağdı Əzizov, ictimai fəal Səbirə Mahmudova, şəhid övladı Tacir Əsədov və başqa çıxış edənlər də düşməni ifşa edən faktlardan danışdılar, ermənilərə lənətlər oxudular.

QAT Tərtər təşkilatının sədri Babək Sadıqov qanlı-qadalı müharibə illərində şücaət göstərmiş rayon sakinlərinin dəyanətindən danışdı və təşkilat üzvlərinin bu istiqamətdə fəallığının həmişə yüksək olduğunu bildirdi.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən bu layihənin gerçəkləşdirilməsi davam edir.

Mehman
Xəbəri paylaş