Newscenter.az.27.02.2022. Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev və Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) direktoru Rüfət Əzizovun təmsil olunduğu nümayəndə heyəti 24 fevral 2022-ci il tarixində Bakı Limanında səfərdə olublar. Səfərin çərçivəsində Bakı Limanı ilə ARTİ arasında, AzTU-da təhsil alan “Sabah” magistratura layihəsinin tələbələrinin limanın Təlim Mərkəzində dəniz nəqliyyatı və liman logistikasını əhatə edən müxtəlif mövzularda təlim proqramlarına və istehsalat təcrübəsinə cəlb olunması ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Bu memarandum Bakı Limanının Azərbaycanın yuxarıda qeyd olunan qabaqcıl təhsil institutları ilə birgə sinergiya yaradaraq praktiki iş təcrübəsi və müasir bazarın çağırışlarına uyğun kadr potensialının yaradılmasına mühüm töhfə verəcəkdir.
Newscenter.az xəbər verir ki, imzalanma mərasimində çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev, ARTİ-nin direktoru Rüfət Əzizov və Bakı Limanının baş direktorunun müavini Söhrab İsmayılov təhsil institutları ilə biznesin əməkdaşlığının akademik təhsil müddəti zamanı tələbələrin həm də iş həyatına hazırlanmasına, peşəkar gənc kadrların yetişməsinə, regional nəqliyyat mərkəzi olan Azərbaycanın yaxın gələcəkdə bu sahə üzrə kadr potensialnın möhkəmlənməsinə töhfə verəcəyinə ümidvar olduqlarını bildiriblər.
Daha sonra nümayəndə heyəti təlim proqramları çərçivəsində tələbələrin praktik təcrübə toplayacağı Bakı Limanının “Əsas yük”, “Ro-ro” və “Bərə” terminallarının fəaliyyəti, hazırda istifadə edilən yükaşırma vasitələri və növləri ilə əyani tanış olub. Qonaqlara limanın texniki imkanları və operativ yükaşırmanın təmin edilməsi üçün tətbiq edilən texnologiyalar və innovativ həllərlə bağlı məlumat verilib.
R.Mehdiyeva