Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çəltikçilk sahəsində beynəlxalq əməkdaşlıq genişlənir



Newscenter.az.1.03.2022. Kənd təsərrüfatının ənənəvi sahələrindən olan çəltikçiliyin inkişaf etdirilməsi, əhalinin düyüyə olan tələbatının daxili istehsal hesabına ödənilməsi, çəltikçilik sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi istiqamətində son illərdə bir sıra əhəmiyyətli tədbirlər görülüb. Çəltikçilik sahəsində fəaliyyət göstərən beynəlxalq, regional və milli qurumlarla əməkdaşlıq əlaqələri genişləndirilir. Əkinçilik Elmi-Tədqiqat İnstitutu (ƏETİ) bu bitkinin xəstəlik və zərərvericilərə davamlı və məhsuldar sortlarının yaradılması, həmçinin kadr hazırlığı sahəsində Mərkəzi və Qərbi Asiya Çəltik Mərkəzi (CWARice) və Türkiyə ilə əməkdaşlıq edir.

Newscenter.az xəbər verir ki, Azərbaycan Respublikasının Malayziyadakı səfirliyinin təşəbbüsü ilə çəltikçilik sahəsində ƏETİ ilə Malaziya Kənd Təsərrüfatı Tədqiqat və İnkişaf İnstitutu (MARDİ) arasında onlayn görüşlər keçirilib və nəticədə Əməkdaşlığa dair Memorandum layihəsi hazırlanıb. Memorandumun imzalanması və qarşılıqlı müzakirələrin aparılması məqsədilə MARDİ-nin direktoru Dr. Mohamad Zabavinin rəhbərliyi ilə həmin institutun nümayəndə heyəti Azərbaycanda səfərdə olub.

Səfər çərçivəsində nümayəndə heyəti, həmçinin Malayziyanın Azərbaycan Respublikasındakı səfiri Dato’ Yubazlan Yusof ƏETİ-də və Lənkəran rayonunda olublar. ƏETİ-də tədqiqat infrastrukturu ilə tanışlıqdan sonra tədqiqat heyəti ilə elmi diskussiyalar aparılıb və atılacaq növbəti addımlar müzakirə edilib. Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov ölkədə əkinçilik sistemləri, prioritet bitkilər, torpaq və iqlim şəraiti, kənd təsərrüfatı sahəsində qəbul edilmiş dövlət proqramları, məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi və çəltikçiliyin mövcud vəziyyəti barədə məlumat verib. Gürüşün sonunda ƏETİ-nin direktoru Faiq Xudayev və MARDİ-nin direktoru Dr. Mohamad Zabavi Əməkdaşlığa dair Memorandumu imzalayıblar.

Daha sonra səfir və nümayəndə heyəti çəltik emalı müəssisələri ilə tanış olmaq və çəltikçiliyin mövcud vəziyyəti ilə bağlı yerli istehsalçılarla müzakirə aparmaq üçün Lənkəran rayonuna səfər ediblər. Lənkəran DAİM-də keçirilən müzakirələrdə Lənkəran, Masallı, Astara DAİM-lərin rəhbərləri və əməkdaşları, Lənkəran Aqrar İnnovasiya Mərkəzinin direktoru, fermerlər iştirak edib. Tədbirdə Lənkəran DAİM-in direktoru Tofiq Rzayev bölgədə çəltikçiliyin vəziyyəti, ƏETİ-nin direktoru Faiq Xudayev isə seleksiya və toxumçuluq işlərinin vəziyyəti barədə məlumat veriblər. Fermerlər məhsuldarlığın artırılmasında sertifikatlı toxumun əhəmiyyətli rolu olduğunu vurğulayıblar. Nümayəndə heyəti Lənkəran rayonunda fəaliyyət göstərən bir sıra özəl müəssisələrdə həyata keçirilən emal prosesi ilə də tanış olub.

Sevinc
Xəbəri paylaş