Newscenter.az.1.03.2022. “İkinci Qarabağ müharibəsindən sonrakı vəziyyət, insan faciələri, dağıntılar, dinc əhaliyə dəyən zərərlər üzrə materialların toplanması və təbliği” layihəsinin icrasını davam etdirən Qarabağ Azadlıq Təşkilatının növbəti səfəri Bərdə rayonuna olub. Düşmən tərəf müharibənin gedişində elə ağlasığmaz və dəhşətli əməllərə əl atıb ki, hələ onilliklər boyu Azərbaycan vətəndaşları bu cinayətlərin ağrı-acılarını həyatlarında daşıyacaqlar. Zərərçəkən insanları danışdırdıqca, onların iztirabları ilə tanış olduqca yeni-yeni faktlar ortaya çıxır, xalqımızın iztirabları fonunda erməni-daşnak tör-töküntülərinin insanlığa sığmayan vəhşiliklərinin qəddar xarakteri məlum olur.
Newscenter.az xəbər verir ki, QAT heyəti yerlərdə görüşlər keçirəndə, ümumiyyətlə, son 30 ildə Ermənistanın Qarabağ təcavüzünün qurbanlarını diqqətə alır, Birinci Qarabağ müharibəsinin iştirakçılarını dinləməyi özünə borc bilir. Belə ki, bir müddət əvvəl Ağdama səfər zamanı Qüzanlı qəsəbəsində məcburi-köçkün statusunda yaşayan Qarabağ müharibəsi əlili Kamil Nəbiyevlə görüş vaxtı zərərçəkənin illər boyu işlətdiyi əlil arabasının sıradan çıxdığı qeyd edilmişdi. Bu səbəbdən QAT rəhbərliyi respublikanın bir neçə müvafiq təşkilatına problemin həlli ilə əlaqədar müraciət ünvanlamışdı. Sağ olsun, Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, müraciətə operativ şəkildə reaksiya verərək, əlilə təqdim etmək üçün təşkilata yeni əlil arabası verdi və QAT heyəti Bərdə səfərində həmin hədiyyəni sahibinə çatdırmaq üçün əvvəlcə Quzanlı qəsəbəsinə baş çəkdi. Hədiyyəni K.Nəbiyevə təqdim edən zaman onun razılıq dolu baxışları, həyat yoldaşının sevinclə gülən gözləri dövlətimizin, ictimai təşkilatların müharibə iştirakçılarına, sağlamlıqlarını torpaqlarımızın azadlığı uğrunda qurban verən vətəndaşlarımıza göstərdikləri qayğının nə qədər böyük mənəvi əhəmiyyət daşıdığını göstərirdi.
Quzanlıda olarkən QAT-ın yerli təşkilatı xəbər verdi ki, şəhid Sərxan Göyüşovun anım tədbiri keçirilir. Aydınlaşdı ki, Ağdam rayonunda İkinci Qarabağ savaşında həyatlarını itirmiş igid əsgərlərimizin xatirəsi ilə bağlı yeni ənənə yaranıb. Şəhid ailələri hər bir şəhidin anadan olduğu gün şəhidin oxuduğu məktəbin müəllim-şagird heyəti, valideynlər, dostlar, ictimai və dövlət təşkilatlarının nümayəndələri birləşərək əllərində qalib ölkəmizin bayrağı şəhid məzarlığına gəlir, “Şəhidlər ölməz, vətən bölünməz” şüarı ilə şəhid övladlarına məhəbbət, düşmənə nifrət ruhunda çıxışlarla xatirələrini bölüşür, xalqımızın birliyini və gücünü nümayiş etdirirlər. Anım tədbirinə qoşulan QAT heyətinin üzvləri öz çıxışlarında S.Göyüşovun öz şəhidliyi ilə bu gün bizim sıralarımızda olduğunu, öz fədakar həyatı ilə gələcək nəsillərimizə ibrətamiz nümunə göstərdiyini bildirdilər. Şəhidin atası Mehman Göyüşov “Mən şəhid balamla fəxr edirəm” deməklə, bütün şəhid valideynlərinə səbr və dözüm arzuladı.
Daha sonra Bərdə rayonunda layihə üzrə fəaliyyətə başlayan QAT heyəti RİH-nin sənədlərlə və vətəndaşların müraciətlərilə iş şöbəsinin müdiri İsgəndər İsmayılovla layihənin əhəmiyyəti barədə söhbət etdilər.
QAT-ın yerli təşkilatının rəhbəri Gəray Əsədovun təşkilatçılığı ilə təşkil olunan müharibədən zərər çəkənlərlə görüşdə təşkilatın sədri Akif Nağı həyata keçirdikləri layihənin məqsəd və vəzifələrini ətraflı izah etdi, müharibə zamanı cəbhə xəttindən on kilometrlərlə uzaqda yerləşən şəhər və kəndlərimizin erməni vandalları tərəfindən atəşə tutulmasını, dinc sakinlərin həlak olmasını, mülki obyektlərin dağıdılmasıni xalqımıza qarşı 100 ildən çoxdur davam edən erməni terrorunun yeni dalğası olduğunu bildirdi. Təcavüzkarın gələcək fəaliyyətinin qarşısının alınması üçün bu faktların toplanaraq kitab şəklində çap olunmasını və dünya ictimaiyyətinin diqqətinə çatdırılmasını terrora qarşı mübarizədə mühüm faktor olduğunu deyən layihə rəhbəri zərəçəkənləri bu işdə fəal olmağa çağırdı.
Toplantıda çıxış edən “Qürur” Şəhid ailələri cəmiyyətinin rəhbəri Naibə Behbudova, QAT üzvü Elbəyi Məmmədov, zərərçəkənlərdən Ərşad İlyasov, Mehriban Səfərova, şəhid qızı Maya Abbasova, qazi Rauf Abışov, şəhid Mirsahibin həyat yoldaşı Mətanət Əhmədova və başqaları düşmənə nifrətlərini bildirdilər, onlara göstərilən qayğıdan danışdılar, arzu və təkliflərini irəli sürdülər.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihə üzrə QAT heyəti toplantıdan sonra müharibədən zərər çəkmiş insanlarla görüşmək, terror qurbanlarını ailələri ilə söhbətləşmək üçün işini davam etdirdi.
Mehman