Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident İlham Əliyev Moskvada Azərbaycan həqiqətlərini dünyaya çatdırdı

Prezident İlham Əliyev Moskvada Azərbaycan həqiqətlərini dünyaya çatdırdı


Newscenter.az.1.03.2022. Azərbaycan Prezidenti cənab İlham Əliyevin TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə keçirdiyi görüş Rusiya ictimaiyyətinin ölkəmizdə və Cənubi Qafqaz regionunda gedən proseslərə, eləcə də Rusiya-Azərbaycan münasibətlərinin əsas inkişaf istiqamətlərinə və dinamikasına olan böyük marağını bir daha nümayiş etdirdi. Rusiya KİV rəhbərlərinin dövlət başçımıza ünvanladıqları, sualları hər zaman olduğu kimi, dürüst və dolğun cavablandıran dövlət başçımız isə Azərbaycanın obyektiv və sülhsevər mövqeyini bir daha bütün dünyaya göstərdi.

Əlbəttə ki, bu görüşün ölkələrimiz arasında qarşılıqlı müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanmasından dərhal sonra baş tutması heç də təsadüfi deyildi. Dövlət başçımızın da qeyd etdiyi kimi, Rusiya ilə Azərbaycan arasında indiyədək 200-dən artıq sənəd imzalanıb. Lakin müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə xüsusi sənəddir. Bu sənədlə Rusiya ilə Azərbaycan arasında münasibətlərin xarakteri rəsmən təsbit edilmiş oldu. Ölkələrimiz arasında bundan əvvəl mövcud olan müqavilədə dostluq, əməkdaşlıq və təhlükəsizlik haqqında müddəalar öz əksini tapmışdısa da, o sənəd müttəfiqlər kimi münasibətlərin formatını müəyyən etmirdi. Münasibətlərin indiki formatı isə ən ali formatdır.

Azərbaycan Prezidenti “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin erməni əsilli baş redaktoru Marqarita Cimonyanın qərəzli və mahiyyət etibarlı ilə təxribat xarakterli sualını cavablandırarkən ölkəmizə qarşı hər zaman mənfi ictimai rəy formalaşdırmağa çalışan erməni təbliğatına növbəti sarsıdıcı zərbəni vurmuş oldu.Dövlətimizin başçısı Azərbaycanda etnik prinsipə görə ölkəyə girişə qadağaların olmadığını bəyan etdi və erməni xalqının nümayəndələrinin Azərbaycana çoxsaylı səfərlərindən konkret misallar gətirməklə belə bir iddianın tam əsassızlığını sübuta yetirdi. Prezident İlham Əliyev bir daha xatırlatdı ki, İrəvandan fərqli olaraq, Bakı həmişə çoxmillətli şəhər olub. Monoetnik dövlət olan, praktiki surətdə bütün milli azlıqların, ilk növbədə, azərbaycanlıların deportasiya edildiyi, qovulduğu Ermənistandan fərqli olaraq, Azərbaycan indiyə qədər çoxmillətli dövlətdir. Buna görə də Azərbaycanda multikulturalizm ruhu praktiki olaraq hər yerdə görünür və üstəlik, Azərbaycanda erməni millətindən olan minlərlə Azərbaycan vətəndaşı yaşayır.

Dövlətimizin başçısı ermənilərin işğalda olmuş ərazilərdə törətdikləri vəhşilikləri, eləcə də minalanmış ərazilərin dürüst xəritələrin indiyədək Azərbaycana təqdim olunmamasını da diqqət mərkəzinə çəkib. Qeyd olunub ki, son 30 il ərzində Qarabağda və Zəngəzurda bütün Azərbaycan mədəniyyəti, tarixi, dini irsi məhv edilib. Görüş iştirakçılarının diqqətinə çatdırılıb ki, müharibənin qurtarmasından keçən bir il üç ay ərzində minaların partlaması nəticəsində ölənlərin və əlil olanların sayı 200 nəfərdən çoxdur. Müharibə başa çatandan sonra ilk aylarda isə, Ermənistanın baş naziri onlarda mina xəritələrinin olmaması barədə inadla danışırdı. Bu, əlbəttə ki, yalan idi. Cəmi bir neçə aydan sonra artıq onlar etiraf etdilər ki, belə xəritələr mövcuddur, lakin onları Azərbaycana verməkdən imtina edirdilər. Bununla Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozur və daha çox insanları ölümə məhkum edirdi. İşğalda olmuş ərazilərdə mövcud dağıntıların miqyası barədə aydın təəssürat yaratmaq üçün dövlətimizin başçısı hətta belə bir müqayisə də apardı ki, Azərbaycan hazırda Livanın ərazisinə bərabər ərazini bərpa etməlidir. Məhz belə bir ərazidə ermənilər tərəfindən misli görünməmiş, ağlasığmayan miqyasda vandallıq törədilib. 30 il ərzində işğal altında olan ərazilərə dəfələrlə səfər edən ATƏT-in Minsk qrupu isə bütün bunları görməməyi üstün tutub. Prezident İlham Əliyev sülh naminə danışıqlar aparılmasının labüd olduğunu bir daha vurğuladı və ölkəmizin buna hazır olduğunu göstərdi. Lakin Ermənistan hələ də Azərbaycanın sülh çağırlşlarına cavab vermir.

Kəmaləddin Qafarov-Milli Məclisin deputatı
Xəbəri paylaş