Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərbin Türkiyədəki siyasi şəbəkəsi də aktiv hərəkətə gətirilib



Newscenter.az.1.03.2022. Qərbin Türkiyədəki siyasi şəbəkəsi də aktiv hərəkətə gətirilib: prezident Ərdoğandan Rusiya-Ukrayna savaşında konkret tərəf tutmaq, daha dəqiq desək, Türkiyənin Putinə qarşı birləşmiş Qərb ittifaqıyla birgə hərəkətini tələb edir, bu yöndə qurulmuş informasiya savaşının əsas alətləri rolunda çıxış edirlər.

Ərdoğan isə “Nə Rusiyadan, nə də Ukraynadan vaz keçəcəyik” deyərək, bu iki slavyan xalq arasında körüklənən savaşın durdurulması, bütün problemlərin danışıqlar və hüquq yoluyla həll edilməsinə tərəfdar olduğunu bildirir.

Ən doğru olanı da budur: sən müstəqil dövlətsənsə, dövlət başçısısansa, qərarları kənar təsirlə deyil, öz iradənlə və xalqının da maraqlarına ən uyğun olan şəkildə qəbul etməlisən.

Bu gün Türkiyənin Ukrayna üzərindən Rusiya ilə toqquşdurulması cəhdi heç bir halda nə Türkiyənin, nə Rusiyanın, nə də Azərbaycanın xeyrinədir. Kim düşünürsə ki, belə bir savaş Türkiyə, Ukrayna və ya Azərbaycana xeyir gətirəcək, yanılır...

Xüsusən də nəzərə alsaq ki, son 6 ildə - 2016-cı ildə amerikalıların Ərdoğanı devirmək cəhdlərinin alınmamasından sonra Türkiyə ilə Rusiya arasında çox yaxşı münasibətlər qurulub və bu münasibətlərin yaxınlaşmasından da ən çox udan tərəf elə Azərbaycandır, o halda biz heç bir halda Ukrayna üzərində Rusiya-Türkiyə toqquşdurulmasına tərəfdar olmamalı, bunu istəyənlərin təbliğatlarının təsirinə düşməməli, informasiya yayımçısına çevrilməməliyik.
Bu gün şərq slavyanları qrupuna daxil olan və bu slavyanlar arasında barışa çalışan, “öz problemimizi özümüz həll edək” prinsipindən çıxış edən Belarus Respublikası da Ukraynaya qarşı Rusiya ilə birgə hərəkət edirsə, son illər türk-slavyan ittifaqı nəzəriyyəsinin tərəfdarı kimi çıxış edən Türkiyə rəhbərliyi, eləcə də həm Türkiyə, həm də Rusiya ilə müttəfiqlik sazişi imzalamış Azərbaycan hakimiyyəti heç bir halda bu qarşıdurmada tərəfə çevrilməməli, Qərbin təzyiqlərinə baxmayaraq, barışdırıcı missiyalarını sonadək davam etdirməlidirlər.

Bakı və İstanbul şərq slavyanlarını barışdıracaq əsas şəhərlər olmaq statuslarını sonadək qoruyub saxlamağı bacarmalıdırlar.

Elxan Şükürlü-politoloq
Xəbəri paylaş