Newscenter.az.1.03.2022. Koronavirus infeksiyasının yayıldığı ilk gündən etibarən Azərbaycan dövləti əhalinin sağlamlığının qorunması istiqamətində bütün lazımi tədbirləri həyata keçirmişdir. Bununla yanaşı Azərbaycan dövləti koronavirusla mübarizə çərçivəsində beynəlxalq miqyasda da böyük səylər və səmərəli fəaliyyət göstərmişdir. Belə ki, Azərbaycan dünyanın 30-dan çox ölkəsinə maliyyə və humanitar yardımı göndərmiş, bir neçə ölkəni təmənnasız olaraq peyvənd dozaları ilə təmin etmiş, yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə yardımı göstərmişdir. COVİD-19-la mübarizə çərçivəsində Azərbaycan Respublikasının həyata keçirdiyi siyasət, əldə olunmuş nəticələr beynəlxalq təşkilatlar tərəfindən yüksək və nümunə olaraq qiymətləndirilmişdir.
Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev COVİD-19-la mübarizə çərçivəsində irəli sürdüyü çoxsaylı təklif və təşəbbüslərlə, beynəlxalq səviyyədə Pandemiya ilə mübarizənin effektiv təşkilinə böyük töhvə vermişdir:
“Ölkə başçımız dəfələrlə beynəlxalq tədbirlərdə “peyvənd millətçiliyi”-nə və vaksinlərin ədalətsiz bölgüsünə qarşı çıxış etmiş, vaksinasiya sahəsində şəffaflığın təmin olunmasının vacibliyini qeyd etmişdir”.
Bu gün Azərbaycan vaksin əlçatanlığına görə dünyanın lider ölkələrindəndir və Azərbaycanda ümumi əhalinin təxminən 47 faizi, yetkin əhalinin isə 68 faizi COVID-19 peyvəndinin hər iki dozası üzrə peyvənd olunmuşdur – deyən Sədaqət Vəliyeva əlavə edib ki bu nəticələr dünya üzrə yüksək nəticələrdən hesab olunur. Azərbaycanda vaksinasiya prosesi uğurla və sürətli şəkildə davam etdirilməkdədir. Vaksinasiya prosesinin sürətli və sistemli şəkildə həyata keçirilməsi nəticəsində yüksək yayılma qabiliyyətinə malik olan omikron virusu və Koronavirusun digər ştamları geniş vüsət ala bilməmişdir:
“Ümüd edirik ki, dövlətimizin koronavirusla mübarizə çərçivəsində həyata keçirdiyi effektiv siyasət və vətəndaşlarımızın məsuliyyəti davranışı nəticəsində Koronavirus bəlasından tezliklə qurtulacağıq”.
Ruhiyyə