Newscenter.az.2.03.2022. “Azərsu” ASC-nin əməkdaşı döyülüb.
Bu barədə Abşeron Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, fevralın 17-də “Azərsu” ASC-nin Abşeron rayon “Su-Kanal” İdarəsinin əməkdaşı Elbrus Allahverdiyevə qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla Abşeron rayonu Nübar qəsəbə sakini Müzəffər Mahmudovun 2021-ci ilin iyul ayından istifadə etdiyi suyun dəyərinin ödənilməsini ondan tələb edərək öz xidməti vəzifələrini icra edən “Su-Kanal” İdarəsinin əməkdaşı Elbrus Allahverdiyevə zor tətbiq edib yüngül dərəcəli bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə istintaq davam edir.