Newscenter.az.2.03.2022. Azərbaycan beynəlxalq səviyyədə koronavirus pandemiyasına qarşı mübarizə aparır. Vaksinlərin ədalətli bölgüsü və əlçatanlığının təmin edilməsi məqsədilə yaradılmış COVAX beynəlxalq təşəbbüsünə ilk qoşulan və dəstək verən dövlətlərdən biri də Azərbaycandır. Prezident İlham Əliyev beynəlxalq platformalarda çıxış edərək dünya ölkələrini COVID-19 infeksiyası ilə qlobal şəkildə mübarizəyə səsləyir, “vaksin millətçiliyinin” yolverilməzliyini qeyd edir, inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərin bərabər paylanmaması ilə bağlı həyəcan təbili çalır. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi pandemiyaya qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səfərbər edilməsi istiqamətində qlobal liderliyini davam etdirir.
2021-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev “peyvənd millətçiliyi”ni tənqid edərkən problemin həlli üçün Qoşulmama Hərəkatı adından Azərbaycanın BMT Baş Assambleyasında qətnamə irəli sürəcəyini elan edib. Azərbaycan tərəfindən irəli sürülmüş COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, münasib, vaxtında və universal əlçatanlığının təmin edilməsi ilə bağlı qətnamə 2021-ci il dekabrın 16-da BMT Baş Assambleyasında 179 ölkənin dəstəyi ilə qəbul edilib. Həmin qətnamənin qəbul edilməsi ilə beynəlxalq ictimaiyyət Prezident İlham Əliyevin COVID-19 pandemiyasına, “peyvənd millətçiliyi”nə qarşı təşəbbüslərini dəstəklədiyini bir daha nümayiş etdirib. Yəni, Azərbaycanın koronavirusla mübarizə strategiyasının qlobal faydalılığı artıq qəbul edilib.
Azərbaycan Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, ümumilikdə 30-dan çox ölkəyə pandemiya ilə mübarizə çərçivəsində humanitar və maliyyə yardımı göstərib. Həmçinin Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü olaraq yardım edib. Ölkələrin pandemiya səbəbindən bir sıra sosial-iqtisadi problemlərlə üzləşdiyi dövrdə Azərbaycan azgəlirli dost ölkələrə qardaş əlini uzadıb. Azərbaycan tərəfindən Qırğızıstan, Özbəkistan və Tacikistana, eyni zamanda, Türk Dövlətləri Təşkilatı vasitəçiliyi ilə Afrika ölkələrinə humanitar yardım kimi vaksinlər çatdırılıb. Azərbaycan pandemiya dövründə real təşəbbüslər göstərir və yalnız milli çərçivədə mübarizə aparmaqla məhdudlaşmır.
Ağadadaş Həsənov,
YAP Sabiarbad rayon təşkilatının məsul əməkdaşı