Newscenter.az.4.03.2022. “Martın 3-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevlə görüşdüm. Görüş zamanı, vətəndaşların pensiya təyinatı, ünvanlı sosial yardım, işsizlik və məşğulluq və digər məsələləri müzakirə etdik”.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı millət vəkili özü verib. Deputat qeyd edib ki, görüş zamanı ƏƏSMN-nin fəaliyyət istiqamətləri, hədəfləri və prioritetləri barədə konkret faktlara söykənən və əsaslandırılmış bilgilər alıb:
“Şəffaflıq prinsipləri üzərində qurulan fəaliyyətlərində vətəndaş məmnunluğunun prioritet olduğunu və hər bir vətəndaş müraciətinə fərdi yanaşıldığını xüsusi vurğulayan S.Babayev qeyd etdi ki, həm Dövlət Məşğulluq Agentliyi, həm də Dövlət Sosial Müdafiə Fondunun bütün regional ərazi filialları və qəbul şöbələrində Vətən müharibəsi iştirakçılarına, şəhidlərin ailə üzvlərinə və əlillərə növbəsiz xidmət göstərilməklə yanaşı, bu kateqoriyadan olan şəxslərə diqqət ən yüksək səviyyədədir”.
Jalə Əhmədovanın sözlərinə görə, səmimi ab-havada keçən görüş zamanı onu maraqlandıran bir çox suallara da aydınlıq gətirilib:
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həssas kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin daha da yaxşılaşdırılması məqsədi ilə göstərilən xidmətlərə xüsusi diqqət ayrıldığını vurğulayan cənab nazir bildirdi ki, vətəndaşlarımız nazirlik tərəfindən həyata keçirilən sosial layihələrlə – “Azərbaycanda məşğulluğa dəstək”, “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı”, “Biznesini Yarat Marafonu”, “İşəgötürənlər üçün Əməkhaqqı Subsidiyası” və “Peşəkar Gənclik” layihələrini əhatə edən “Gənclərin Dayanıqlı Məşğulluğu” proqramı və s. digər layihələrlə tanış olmaq üçün ƏƏSMN-nin rəsmi saytında tanış olmaqla, həm də həmin layihələrə qoşula bilərlər. Nazir Sahil Babayevə vaxt ayırıb məni qəbul etdiyinə görə təşəkkürlərimi bildirir, Azərbaycanın tərəqqisi naminə görəcəyi bütün işlərdə yeni-yeni uğurlar arzu edirəm”.
Ruhiyyə