Newscenter.az.4.03.2022. Ukraynanın Çerniqov vilayətinin bombalanması nəticəsində 47 dinc sakin ölüb, 18 nəfər yaralanıb.
“Report”un Şərqi Avropa bürosunun əldə etdiyi məlumata görə, martın 3-ü və 4-də gecə saatlarında vilayətin bombalanması nəticəsində ölənlərin 38-i kişi, 9-u qadındır.
"Çerniqovda apelyasiya məhkəməsinin rəhbərlərindən biri Lyuba Xareçkanın ailəsinin olduğu avtomobil güllələnib, L.Xareçka və həyat yoldaşı ölüb, oğlu isə yaralanıb. Onların hadisə yerindən çıxarılmasına cəhdlər davam edir. Bu dəqiqələrdə də şiddətli atışmalar gedir", - Çerniqovdakı hadisə şahidi olan azərbaycanlı bildirib.
Qeyd edək ki, martın 3-də axşam saatlarında isə bombalanma nəticəsində dağılan binaların altından 33 nəfərin meyiti tapılıb, 18 nəfər isə yaralı vəziyyətdə çıxarılıb.
Hazırda Çerniqov mühasirədədir, dağıdıntılar hələdə təmizlənməyib. Dünən axşam saatlarında şəhərin 2 məktəbini tam dağıdılıb.
Ukraynanın Enerqodar şəhərində də güclü partlayış olub. Hadisənin təfərrüatı məlum deyil.
Bundan əlavə, Ukrayna yaşayış məntəqələrinin atəşə tutulmasının davam etdiyi bildirilir. Luqansk Regional Dövlət Administrasiyasının rəhbəri Serhiy Qayday deyib ki, martın 3-də Luqanskda 7 sakinin meyiti tapılıb. Həmçinin 2-si uşaq olmaqla 13 nəfər yaralanıb.
Onun sözlərinə görə, Severodonetskdə kommunikasiyalar məhv edilib, şəhər qazsız qalıb. İndi onların bərpası istiqamətində iş aparılır: “Ruslar çoxsahəli xəstəxananı və turizm və diyarşünaslıq mərkəzini də atəşə tutublar. Ötən gecə Severodonetskdən başqa, Borovski, Zolotoy-4, Lisiçansk, Qornı, Popasnaya, Sirotin və digər yaşayış məntəqələrinə də zərbələr endirilib”.