Newscenter.az.5.03.2022. Bu gündən Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakı və Abşeron ərazisində üç fərqli ünvanda “Kənddən Şəhərə” həftəsonu yarmarkaları başlayıb. Yarmarkaların təşkilində əsas məqsəd yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.
Newscenter.az nazirliyə istinadən xəbər verir ki, budəfəki yarmarkalarda ümumilikdə 40-dan artıq regiondan 100-ə yaxın fermer tərəfindən 50-ə yaxın çeşiddə təbii kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirir.
Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədilə yarmarkalarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərir. Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən ödənişsiz şəkildə faydalana bilərlər.
Qeyd edək ki, yarmarkalar karantin rejiminin tələblərinə əməl olunmaqla baş tutur. Yarmarkada iştirak edən fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla (tibbi maska, dezinfeksiyaedici maddələr, əlcək və s.) da təmin olunublar. Yarmarkaya alış-verişə gələcək vətəndaşların temperaturları ölçüləcək, tibbi maskadan istifadəyə və sosial məsafənin gözlənilməsinə xüsusi diqqət yetiriləcək. Eyni zamanda, yarmarka ərazisində mütəmadi olaraq dezinfeksiya işləri aparılacaq.
“Kənddən şəhərə” yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:
- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)
- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)
- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A
Xatırladaq ki, “Kənddən Şəhərə” həftəsonu yarmarkası martın 7-dək fəaliyyət göstərəcək.
Sevinc