Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Musiqi Mədəniyyəti sahəsinə mühüm töhfələr verən Məmmədəli Məmmədovla görüşüb



Newscenter.az.5.03.2022. Sovetlər dövründə Şuşada fəaliyyət göstərmiş Şərq Milli Musiqi Alətləri fabriki şəhər işğala məruz qalmamışdan öncə tar, kamança, ud, nağara və digər musiqi alətləri istehsal edirdi. Şuşanın işğalı isə Azərbaycan incəsənətinə və mədəniyyətinə vurulan ağır zərbə oldu və "Zaqafqaziyanın konservatoriyası" adlandırılan Şuşanın işğalı ilə milli musiqi alətlərimizin istehsalına da son qoyuldu.

Lakin tarixin keşməkeşli sınaqlarından çıxan milli musiqi alətlərimiz bu gün də yaşayır və onların istehsalı, bərpası, üzərində aparılan təkmilləşdirilmə işləri uğurla həyata keçirilir. Azərbaycanın milli musiqi alətlərinə “can” verən və doğma balası kimi qayğısına, qeydinə qalan hörmətli ziyalımız Məmmədəli Məmmədovun sayəsində, bu gün xarici ölkələrdə belə milli musiqi alətlərimizə böyük sevgi, rəğbət və tələbat var.

Azərbaycan Musiqi Mədəniyyəti sahəsinə mühüm töhfələr verən Məmmədəli Mirəli oğlu Məmmədovla onun iş yerində görüşdük. 2011-ci ildən bu günə kimi Milli Konservatoriyanın “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasında fəaliyyət göstərən Məmmədəli müəllimin xalq çalğı alətlərinin rekonstruksiyası, bərpası və yeni diapazonlu milli alətlərin yaradılmasında çox böyük əməyi vardır və bu danılmaz bir faktdır. M.Məmmədovun kolleksiyasında müəlliflik hüququnun ona məxsus olduğu 17 adda musiqi aləti var ki, həmin alətlərin hər biri Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçib.

Məmmədəli müəllimin təkmilləşdirdiyi “Çəng”, “Kamança”, “Tar”, “Davul”, “Santur”, “Qanun”, “Balaban”, “Zurna” milli musiqi alətləri, habelə “Azərbaycan santuru”, “Dördkünc balaban”, “Udmən”, “Bas kamança”, “İki kameralı kamança”, “Kontur kamança”, “Elektro Kaman”, “Dəf kaman”, “Elektrotar”, “Qopuz” və s. digər musiqi alətləri elmi-tədqiqat laboratoriyasında yaranmış yeni musiqi alətləri sırasına daxildir.
Milli musiqi alətlərimizin istehsalı, təkmilləşdirilməsi və bərpasına mühüm töhfələr verən Məmmədəli Məmmədova bu şərəfli işində yeni-yeni uğurlar arzulayıram.

Jalə Əhmədova-Milli Məclisin deputatı
Xəbəri paylaş