Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkənin inkişafına və cəmiyyətin tərəqqisinə xidmət edən Yeni Azərbaycan Partiyasının əsas hədəfləri



Newscenter.az.5.03.2022. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi Ümummilli Lider Heydər Əliyevin şah əsərlərindən biri olan Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranmış, qarşısına tarixi məqsədlər qoymuş və bu vəzifələri dönmədən, ləyaqətlə yerinə yetirən qüdrətli siyasi təşkilat, illərin sınaqlarından həmişə üzüağ çıxmış ümumxalq partiyasıdır.

Ümummilli Lider Heydər Əliyevə Azərbaycan xalqının inamı və ölkənin düşdüyü ağır vəziyyətdən xilas yolunun Ulu Öndərin rəhbərliyi altında təşkilatlanmaqda görməsi, müstəqilliyini yenicə əldə etmiş dövlətimizi parçalanmaqdan, məhv olmaqdan qurtarmaq üçün xalqın göstərdiyi səylər YAP-ın yaranmasını zəruri etdi.

Təsis olunduğu ilk gündən YAP Azərbaycanın ictimai-siyasi mühitinə yeni ab-hava gətirdi, Azərbaycanda sivil siyasi mübarizə mədəniyyətinin başlanğıcını qoyan ilk partiya oldu. YAP müxalifət partiyası kimi yaransa da, heç vaxt dövlətçiliyə qarşı, Azərbaycanın qanunlarına qarşı, milli maraqlara qarşı müxalifətdə dayanmadı. YAP yaranan gündən Azərbaycanın bütövlüyünü, müstəqilliyini, milli maraqlarını önə çıxartdı və bu yolda sivil siyasi yolla mübarizə aparacağını bəyan etdi.

Yeni Azərbaycan Partiyasının Sədri, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin və xalqımızın qarşısında dayanan ən böyük tarixi müssiya şərəflə yerinə yetirildi: 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçı ordusu darmadağın edildi, torpaqlarımız işğaldan azad olundu, ərazi bütövlüyümüz təmin edildi. 2020-ci ilin 10 noyabr tarixindən müstəqil, bütöv Azərbaycan dövlətinin tarixində yeni dövr başlandı, yeni daha yüksək hədəflər qarşıya qoyuldu.

YAP-ın VII qurultayı Azərbaycanın davamlı inkişafı və müasir dövrün çağırışları kontekstində partiyanın qarşısına yeni vəzifələr qoymuşdur. Cəmiyyətin və dövlətin müxtəlif sahələrini əhatə edən islahatların aparılmasında, yeni siyasi konfiqurasiyanın yaradılmasında və siyasi dialoqun dərinləşməsində yaxından iştirak etmək partiya üzvlərindən yüksək fəallıq tələb edir.

Yeni Azərbaycan Partiyasının VII qurultayından bir il keçmişdir. Bir il ölkənin və cəmiyyətin həyatında çox kiçik bir zamandır, ancaq bu qısa zaman ərzində partiyamızın və dövlətimizin rəhbəri, xalqımızın lideri cənab İlham Əliyevin rəhbərliyi altında olduqca böyük nailiyyətlərə imza atmışıq: Şuşa Bəyannaməsi imzalanmış və qüvvəyə minmişdir, Füzuli aeroportu tikilmiş və istifadəyə verilmişdir. Ağdam, Füzuli şəhərlərinin baş planları təsdiq olunmuşdur və digər rayonlarımızda da quruculuq-abadlıq layihələri həyata keçirilməkdədir, Şuşaya Zəfər yolu çəkilmişdir, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının elektrik enerjisi təminatı həyata keçirilmişdir, Murov dağının üzərindən Kəlbəcərə müasir yol tikintisi uğurla davam edir, Zəngilan və Laçın aeroportları tikilir, Zəngilanın Ağalı kəndində “ağıllı kənd” pilot layihəsi tamamlanmışdır və qısa müddətdə məcburi köçkün soydaşlarımızın 30 illik həsrətinə son qoyulacaqdır.

Biz bu işləri birlikdə etdik, cənab Ali Baş Komandanın rəhbərliyi altında lider-xalq-ordu birliyi sayəsində tarixi uğurlara imza atdıq. Qarşıda bizi daha böyük vəzifələr və nailiyyətlər gözləyir. Bu vəzifələrə çatmaq üçün bütün Azərbaycan vətəndaşlarının arzularının və maraqlarının ifadəçisi olan Yeni Azərbaycan Partiyası uzun illər dövlətimizin qüdrətlənməsində və xalqımızın rifahının güclənməsində təşəbbüskar, birləşdirici, flaqman vəzifəsini uğurla həyata keçirəcəkdir. Xalqımızın lideri cənab İlham Əliyevin irəli sürdüyü və partiyamızın yeni proqramının devizi kimi qəbul etdiyimiz “Biz birlikdə güclüyük!” şüarı bizi daha böyük qələbələrə aparacaqdır.

Səbinə Qarayeva,
YAP Sabirabad rayon təşkilatının əməkdaşı
Xəbəri paylaş