Newscenter.az.5.03.2022. Heydər Əliyev Azərbaycanın milli tarixində özünəməxsus yer tutan elə nadir tarixi şəxsiyyətlərdəndir ki, onun zəngin irsi hələ uzun müddət politoloqların, filosofların, tarixçilərin və tədqiqatçıların diqqət mərkəzində olacaqdır. O, Azərbaycan xalqının müstəqillik mübarizəsindəki misilsiz xidmətləri ilə hələ sağlığında ikən canlı əfsanəyə çevrilmiş, bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanmışdı.Heydər Əliyev bu günki Azərbaycan dövlətinin qurucusu olmaqla yanaşı həm də haqlı olaraq müasir Azərbaycan parlamentinin banisi sayılır.
Mübaliğəsiz demək olar ki, Heydər Əliyevin Ali Sovetin sədri vəzifəsində çalışdığı qısa zaman kəsiyində Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi gələcək inkişafının təməli qoyuldu. Heydər Əliyev iqtisadi, siyasi, sosial, hüquqi islahatların həyata keçirilməsini, demokratik dəyərlərin cəmiyyətdə bərqərar olunmasını çox önəmli hesab edirdi. O, ölkə başçısı kimi Azərbaycanda ilk Konstitusiya layihəsinin hazırlanmasına böyük əhəmiyyət verir, bu işə şəxsən özü rəhbərlik edirdi. Uzun müzakirələrdən sonra 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə müstəqil Azərbaycanın ilk demokratik Konstitusiyası qəbul olundu. Həmin gün müstəqillik dövründə ilk dəfə parlamentə seçkilər keçirildi və I çağırış Milli Məclis tezliklə işə başladı.
Ölkənin əsas sənədinin qəbulu dövlət quruculuğu, cəmiyyətin gələcək inkişaf modeli üçün hüquqi əsas yaratdı. Bununla Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması baxımından tariximizin ən məhsuldar dövrünün təməli qoyuldu. Heydər Əliyevin xarici siyasət strategiyasında parlamentin beynəlxalq əlaqələrinin inkişafı mühüm yer tuturdu. Bu siyasətin məntiqi nəticəsi kimi bu gün Milli Məclis respublikanın iştirak etdiyi bir sıra nüfuzlu beynəlxalq qurumların eləcə də parlament məclislərinin, o cümlədən Avropa Şurası Parlament Assambleyasının, Parlamentlərarası İttifaqın, ATƏT-in Parlament Assambleyasının, Qara Dəniz İqtisadi Əməkdaşlığı Parlament Məclisinin, bir sıra təşkilatların, MDB-nin Parlamentlərarası Assambleyasının, GUAM Parlament Assambleyasının, İslam Konfransı Təşkilatı Parlament Məclisinin tam hüquqlu üzvüdür, Avropa Parlamenti və Şimali Atlantika Parlament Assambleyası ilə yaxından əməkdaşlıq edir.
Parlament nümayəndə heyətləri tez-tez xarici ölkələrdə səfərlərdə olur, Milli Məclisdə xarici ölkələrin siyasi və dövlət xadimləri, parlament üzvləri ilə görüşlər təşkil edilir. Bütün bunlar qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi baxımından çox əhəmiyyətlidir. Azərbaycan parlamenti ölkənin beynəlxalq əlaqələrinin inkişafına öz layiqli töhfəsini verməkdədir.
Dövlət idarəçiliyində yüksək səviyyəli Prezident – parlament münasibətlərini özündə ehtiva edən Heydər Əliyev ideyalarından bəhrələnən Azərbaycan bu gün uğurları ilə dünyanı heyrətləndirir. Bu nailiyyətlərin qazanılmasına ölkə parlamenti də öz layiqli töhfəsini verməkdədir.
Azərbaycan prezidenti cənab İlham Əliyev Milli Məclisdə çıxışında bu barədə belə demişdir: ”Mənim üçün Milli Məclis çox əziz və doğma bir yerdir, mənim doğma evimdir. Biz bir məqsədə qulluq edirik. Amalımız da, məramımız da birdir – ölkəmizi möhkəmləndirmək, gücləndirmək, xalqın rifahını yaxşılaşdırmaq, güclü, zəngin dövlət yaratmaqdır”. Azadlığı, müstəqilliyi uğrunda bütün çətinliklərə mərdliklə sinə gərmiş mübariz Azərbaycan xalqı bu gün Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi, prezident İlham Əliyevin rəhbərliyi ilə öz şanlı tarixinin yeni parlaq səhifəsini yazmaqdadır. Ölkəmizdə bütün sahələrdə həyata keçirilən effektli islahatlar Milli Məclisdən də yan keçməmiş, islahatları dərinləşdirmək, vaxt itirmədən yeni, tərkibdə Milli Məclisin işini təşkil etmək məqsədilə 10 mart 2022-c ildə tam demokratik əsaslara riayət edilməklə Milli Məclisə növbədənkənar seçkilər keçirildi. Seçkilərin nəticələrinə görə Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan Parlamenti ilə iş birliyinə başlandı.
Bu gün deputatların qarşısında böyük vəzifələr durur, onlar xalqla daha yaxından təmas qurmaq, onları narahat edən sosial problemləri öyrənmək üçün yerlərdə daha çox olur, seçicilərlə görüşürlər.
Yeni seçilmiş Milli Məclis cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlara təkan vermək üçün qanunvericilik sahəsində işini daha da gücləndirmişdir.
Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin başladığı işlərin onun siyasi varisi - ölkə başçısı tərəfindən uğurlu davamı gələcəyə doğru inamla addımlayan Azərbaycanın XXI əsrdə daha yüksək zirvələr fəth edəcəyindən xəbər verir.
Rafiq Əliyev
Yeni Azərbaycan Partiyası Yevlax Rayon Təşkilatının sədri