Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan Putinlə təmasdadır: üçtərəfli görüş gözlənilir



Newscenter.az.6.03.2022. Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olacaq. Bu barədə dünən Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib. O, bildirib ki, liderlərin əsas müzakirə mövzusu Ukrayna ilə Rusiya arasında davam edən müharibə olacaq: “Biz bu istiqamətdə çox ciddi səylər göstəririk. Sabah Putinlə telefon danışığı olacaq. Prezidentimiz Türkiyədə görüş barədə təkliflərini xatırladacaq. Atəşkəsə şans vermək, humanitar dəhlizlər yaratmaq lazımdır. Bu müharibə uzansa, həm Rusiya, həm Ukrayna, həm də bütövlükdə region üçün ciddi təhdid yaranacaq”.

İ. Kalın, həmçinin Ankaranın vasitəçiliyi barədə danışdı: "Bizim həm Rusiya, həm də Ukrayna ilə yaxşı əlaqələrimiz var. Prezidentimizin də dediyi kimi, biz nə Rusiyadan imtina edə bilərik, nə də Ukraynadan. Türkiyə iki tərəflə də danışa bilən nadir aktorlardandır. Prezidentimizin həm Putinlə, həm də Zelenski ilə yaxşı ünsiyyəti var. Müharibənin başa çatması istiqamətində hansı töhfələr verə biləcəyimiz barədə düşünürük. Əlimizdən gələni etməyə hazırıq”, - deyə o bildirib.

Çox güman, bu günkü telefon danışığında Ərdoğan həmkarına bir daha vasitəçilik barədə təklif edəcək. Növbəti günlərdə onun ukraynalı həmkarı Volodimir Zelenski ilə telefonla danışacağı da mümkündür. Ərdoğan özünün də dediyi kimi, tərəfləri barışdırmaq üçün bütün səylərini ortaya qoyub. Bu, ona bir neçə aspektdən vacibdir. Sülhün təmin olunması, birincisi, regional əməkdaşlıq və təhlükəsizlik baxımından Ankaranın maraqlarına uyğundur. Məlum olduğu kimi, Türkiyənin hər iki tərəflə yaxşı münasibətləri var və bu dövlət müharibənin uzunmüddətli olacağı təqdirdə tərəfə çevrilmək istəməz. İkinci bir tərəfdən, proseslərin hazırkı inkişafı üçüncü dünya müharibəsinə doğru aparır. Deməli, Ərdoğan region və planet üçün çox təhlükəli ssenarinin qarşısını almaqla dünyadakı nüfuzunu daha da artıra bilər. Beləliklə, əlbəttə, AK partinin daxildəki reytinqi də artacaq. Və Ərdoğan qarşıdan gələn prezident seçkiləri üçün ciddi dividentlər qazanacaq.

Ərdoğanın tərəfləri diplomatiya masasına əyləşdirmək və müharibəni dayandırmaq ehtimalı böyükdür. Çünki Türkiyənin vasitəçiliklə bağlı kifayət qədər təcrübəsi var. Eyni zamanda savaşın uzanması nə Moskvaya, nə də Kiyəvə sərf edir. Odur ki, vasitəçilik əslində onların ikisi üçün də arzuolunandır. Sadəcə tələblər və şərtlər fərqlidir. Ərdoğan ortaq məxrəci tapmağa, həm Rusiyanın, həm də Ukraynanın maraqlarının təmin olunmasına çalışacaq. Ola bilsin, Rusiyanın Ukraynadan çıxması müqabilində Kiyevin NATO- ya üzvlükdən imtina etməsi məsələsi gündəmə gəlsin. Hər halda bu günkü telefon danışığı "nəbz yoxlamaq" xarakteri daşıyacaq. Dediyimiz kimi, ardınca Zelenski ilə telefon danışığı gözlənilir. Bundan sonra isə yəqin ki, Türkiyədə üçtərəfli görüş olacaq və şərtlər daha konkret formada masaya qoyulacaq. O zamana kimi Ankara neytrallığını qorumağa çalışacaq.
Bir sözlə, həm Putinin, həm də Zelenskinin maraqlarının təmin olunacağı təqdirdə sülh gözlənilir. Ərdoğan, yəqin ki, bunu bacaracaq və növbəti dəfə tarixə düşəcək.

Kənan Novruzov, Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti
Xəbəri paylaş