Newscenter.az.6.03.2022 Dövlət İmtahan Mərkəzi martın 6-da respublikanın 16 şəhər və rayonunda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.
Newscenter.az DİM-ə istinadən xəbər verir ki, mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən, iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. İmtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska və s.) təmin olunub.
İmtahanlar 16 şəhər və rayonda keçirilib.
İmtahanların təşkil edilməsi üçün ümumilikdə 111 imtahan binası, 1863 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 111 ümumi imtahan rəhbəri, 304 imtahan rəhbəri, 2328 nəzarətçi–müəllim, 228 buraxılışı təşkil edən əməkdaş (mühafizə), 111 bina nümayəndəsi ayrılıb.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.
İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.
İlkin məlumatlara əsasən, 2 imtahan iştirakçısında mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.
İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, etibarlılıq müddəti başa çatan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.
Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə bir daha xatırladırıq ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini, imtahan iştirakçısının sağlamlığı haqqında bəyannaməni, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı gətirməyi unutmasınlar.
Martın 7-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin aprelin 1‑dək elan olunması nəzərdə tutulur.