Newscenter.az.7.03.2022. Diqqətlə baxın bu fotoya. Təkcə baxmaqla kifayətlənməyin, həm də hiss etməyə çalışın: bu gənc qızla gənc oğlanın keçirdiyi hissləri, baxışlarındakı ifadəni. Bu foto əslində həm də Ukraynadakı durumun təzahürüdür. Prezident Vladimir Zelenski başda olmaqla digər rəsmilər durumun nəzarətdə olduğunu, rus qoşunlarının demorilizə olunduğunu deyirlər. Onlar nikbin açıqlamalar verirlər. Xalqın ümidinin itməməsinə çalışırlar. Əlbəttə, ictimai rəy baxımından belə də olmalıdır. Amma Ukrayna şəhərlərində, o cümlədən paytaxt Kiyevdə vəziyyətin heç də yaxşı olmadığı hər kəsə məlumdur. İnsanlar sabah başlarına nəyin gələcəyini bilmirlər. Ölüm qorxusu ilə yaşayırlar. Bir yandan da təxliyə prosesi davam edir. Mülki insanların ölümü ilə yanaşı təxliyələr də sevənləri bir- birindən ayırır. Ola bilsin, bu fotoda da tərəflərdən biri başqa ölkənin vətəndaşıdır və Ukraynanı tərk edir. Bəlkə də, qalmaq istəyir amma...
...Analitiklərin bir qismi Rusiyanı, bəziləri isə Qərbi suçlayır. Deyirlər ki, bu iki ölkəni Qərb düşmən etdi. Dəqiq demək çətindir. Necə deyərlər, babalı öz boyunlarına... Fəqət bir məsələ aydındır ki, siyasət çirkin oyundur. Və göz yaşı, ayrılıq, insan ölümünə səbəb olan lənətə gələsi savaşlar bu çirkin oyunun ən eybəcər komponentidir. Bu gün planetdə onlarca müharibə olacağı var. Onlardan biri də Ukraynadakı hərbi əməliyyatlardır. Müharibəni kim başlatdığı, kim kimə yalan vədlər verdi, kim ilk gülləni atdı, bilmirəm. Bu barədə müzakirə aparmaq istəmirəm. Amma lütfən bu fotoya diqqətlə baxın, cənablar. Sizin ambisiyalarınız, torpaq iddialarınız bir damla göz yaşına dəyərmi, görəsən? Amma cavab verməzdən əvvəl əlinizi vicdanınıza qoyun.
Kənan Novruzov-siyasi ekspert