Newscenter.az.7.03.2022. Son günlər biz erməni “absurd teatrı”nın səhnəsində necə deyərlər, növbəti tamaşanın şahidi olmaqdayıq. Bir tərəfdən rəsmi İrəvan sülh müqaviləsinin imzalanmasının gündəlikdə olduğunu bildirir, Azərbaycanla sülh müqaviləsinin imzalanmasının hökumətin gündəliyində dayanan prioritet məsələlərdən biri olduğunu qeyd edir. Ancaq digər tərəfdən isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Goranboy, Tərtər, Ağdam və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan istifadə edilməklə tez-tez atəşə tutulur. Eləcə də Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərini atəşə tutur. Tovuz rayonu istiqamətində də son günlər ermənilər tərəfindən atəşkəs rejimi pozulub.
Şübhəsiz ki, Silahlı Qüvvələrimiz tərəfindən dərhal həmin istiqamətlərdə düşmənə qarşı adekvat cavab tədbirləri görülüb və hazırda həmin istiqamətlərdə əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır. Ancaq növbəti günlərdə də ermənilər tərəfindən bu cür təxribatların törədilməyəcəyinə heç bir zəmanət yoxdur. Qarşıdakı günlərdə təxribatlar yenidən təkrarlana bilər. Böyük ehtimalla ermənilər bu təxribatları məqsədyönlü, planlı şəkildə törədirlər. Hazırda Kreml rəhbərliyinin bütün diqqəti Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi xüsusi hərbi əməliyyata yönəlib. Görünən budur ki, rəsmi İrəvan və Xankəndidəki erməni separatçı-terrorçu yığnağı da yaranmış boşluqdan istifadə etmək, yararlanmaq istəyir. O biri yandan isə Fransa prezidenti Emmanuel Makron da erməniləri revanşist cəhdlərə təhrik edir.
Ancaq Rusiya sülhməramlılarının yerləşdiyi ərazidə tərkisilah edilməmiş ermənilər tərəfindən atəşkəs rejiminin tez-tez pozulması ilk növbədə Rusiya rəhbərliyinin özünü narahat etməlidir. Çünki ermənilər bu cür təxribatları həyata keçirməklə birbaşa Rusiya-Azərbaycan münasibətlərini korlamağa çalışırlar. Son günlərdəki bütün təxribatlar məhz buna hesablanıb. Ona görə də, Rusiya sülhməramlıları öz vəzifələrinin öhdəsindən layiqincə gəlməyə və atəşkəs rejimini maksimum qorumağa çalışmalıdırlar ki, son nəticədə rəsmi Bakı sülhməramlıların fəaliyyətindən narazı qalmasın. Bu təxribatlar son nəticədə Ermənistanın özü üçün və Qarabağdakı separatçılar, terrorçular üçün pis nəticələnə bilər. Onlar qətiyyən arxayın olmamalıdırlar ki, Azərbaycan Ordusu Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazidə antiterror əməliyyatı aparmayacaq. Bizim Ordumuz istənilən vaxt antiterror əməliyyatı həyata keçirməyə hazırdır.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri