Newscenter.az.9.03.2022. Beynəlxalq təşkilatların postmünaqişə dövründə də susqunluğu və hərəkətsizliyi təəssüf doğurur. Münaqişə başa çatıb, bölgədə sülh və əməkdaşlıq mühiti yaranıb. Regionda baş verən kataklizmlər fonunda Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunması beynəlxalq təşkilatların da marağında olmalıdır.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. Millət vəkili bildirib ki, indi bütün təsisatlar Qarabağda bərpa prosesinə və keçmiş məcburi köçkünlərin öz yurd-yuvasına qayıtmasına dəstək olmalıdır:
"Amma təəssüf ki, bu, baş vermir. Məsələ ilə bağlı Prezident İlham Əliyevin BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru ilə görüşdə də “torpaqların azad edilməsindən demək olar il yarım keçməsinə baxmayaraq, heç kim bizə kömək etməyə hazır deyil. Yalnız sözlər, başqa heç nə” söyləməsi bütün təşkilatlara ünvanlanan mesaj idi. Yəni, artıq sözdən əmələ keçməyin vaxtıdır. Beynəlxalq qeyri-hökumət təşkilatlarının, fondların Qarabağ və Zəngəzurda baş verənlərə göz yumması şübhəsiz ki, qəbuledilməzdir. Minalar səbəbindən keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə geri qaytarılması mümkün deyil. Üstəlik, indiyədək minalar səbəbindən 200-dən çox azərbaycanlı həlak olub və ya ağır yaralanıb. Ərazilərin minalardan təmizlənməsi uzun prosesdir və bu prosesdə beynəlxalq təcrübə mühüm rol oynayır".
Deputat qeyd edib ki, Prezident İlham Əliyev Avropa İttifaqının hazırkı sədri - Fransa prezidentinə məktubunda da Azərbaycanın sülhün tərəfdarı olduğunu bir daha bəyan etdi:
"Rəsmi Bakı ərazi bütövlüyü, suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi beynəlxalq hüququn fundamental baza prinsipləri əsasında Ermənistanla sülh sazişi üzrə danışıqlara başlamağa hazırdır. Fransa Ermənistanın bu məsələdə konstruktiv mövqe nümayiş etdirməsi istiqamətində səy göstərməli və regionun sülh gündəliyini dəstəkləməlidir. Hazırda Azərbaycanın qarşısında duran əsas vəzifə çoxillik işğal nəticəsində dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpasıdır. Rəsmi Bakı UNESCO-nun missiyasını da üzv ölkənin suverenlik hüququna hörmət əsasında ölkəmizdə tezliklə görməyə hazırdır".
Könül Nurllayeva hesab edir ki, BMT-nin qurumları və kommunikasiya kanalları gördüklərinə dair obyektiv hesabat hazırlamalıdırlar:
"Dünya erməni vandallığı barədə bilməlidir ki, 30 il ərzində regionda erməni faşizminin yaratdığı təhlükənin mahiyyətini daha yaxşı anlasın. Ermənistan bölgədə törətdiyi vandallıq və müharibə cinayətlərinə görə beynəlxalq hüquq qarşısında da cavab verməlidir. Azərbaycan haqlı olaraq, bu cinayətlərə görə Ermənistandan təzminat tələb edir və beynəlxalq təşkilatlar da bu mənada Azərbaycanın mövqeyini dəstəkləməkidir".
Ruhiyyə