Newscenter.az.9.03.2022. Martın 6-da Xarkovda yerləşən Azərbaycan Fəxri Konsulluğuna aid bina raket atəşinə məruz qalıb və binaya ciddi zərər vurulub. Düzdür dövlətimizin gördüyü preventiv tədbirlər sayəsində bu hadisədə insan xəsarəti olmayıb.
Ancaq üzərindən 3 gün keçməsinə baxmayaraq bu xoşagəlməz hadisə ilə bağlı Rusiya tərəfindən rəsmi olaraq heç bir mövqe bildirilməyib. Bunun təsadüfən və ya bilərəkdə törədilməsi, yaxud da təxribat olması ilə bağlı Azərbaycan tərəfi hələ ki, məlumatlandırılmayıb.
Əslində bu çox ciddi bir hadisədir. Azərbaycana münasibətdə Beynəlxalq hüququn prinsiplərinin və xüsusilə də, “Diplomatik və konsulluq münasibətləri barədə” Vyana konvensiyasının kobud şəkildə tapdalanmasıdır. Əgər Rusiya bu olayın əslində necə baş verməsi ilə bağlı rəsmi mövqe bildirməyəcəksə. Çünki, istənilən halda xüsusi mühafizə olunan belə binalar toxunulmaz olaraq qalmalıdır!
Bu hadisə ilə bağlı ölkə televiziya kanallarına və digər informasiya vasitələrinə də özümün şəxsi mövqeyimi bildirmişəm. Rusiya tərəfi bununla bağlı dərhal rəsmi reaksiya bildirməlidir! Ən az rəsmi Moskva bir sıra ciddi məqamları nəzərə alıb Azərbaycan tərəfini məlumatlandırmalıdır.
-İlk öncə Rusiya tərəfi iddia edir ki, bu xüsusi əməliyyatdır. Bildiyimiz kimi xüsusi əməliyyatlar zamanı mülki obyektlər və xüsusilə də toxunulmaz ərazilər hədəfə alınmır.
-Təsadüfən vurulması versiyası da ağlabatan görünmür, çünki verilən məlumata görə həmin ərazi kompakt olaraq diplomatik və konsulluq binalarının yerləşdiyi ərazidir. Digər tərəfdən də niyə təsadüfi atılan raketlərdən biri Ukrayna ərazisindən keçən və Rusiya qazını və neftini daşıyan kəmərlərə tuş gəlmədi?!
-Rusiya Azərbaycanla mövcud qonşuluq münasibətlərini ilk növbədə rəhbər tutmalıdır.
-İkinci Qarabağ müharibəsi zamanı, 9 noyabr tarixində Naxçıvan sərhəddində Rusiyaya aid helikopterin vurulmasından sonra Azərbaycanın Rusiyaya yönəlmiş təəssüf doğuran müraciətin həmin xoşagəlməz hadisə ilə bağlı yaranmış narahatçılığa son qoyması təcrübəsini yada salmalıdır.
-Bu addımın həm də Azərbaycanla Rusiya arasında yenicə imzalanmış müttəfiqlik haqqında Moskva bəyannaməsinin ruhuna da zidd olduğu əsas götürülməlidir.
-Rusiyanın bütün Qərb dünyasını qarşısına aldığı hazırki həssas dönəmdə Azərbaycanla mövcud olan münasibətlərə dövrün həssaslığına uyğun yanaşmalıdır.
Hər bir halda Beynəlxalq hüququn bütün prinsip və normalarına hörmətlə yanaşan Azərbaycan bütün dövlətlərdən də eyni addımı gözləməkdə tam haqqlıdır!
Xəyal Bəşirov,
Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri