Newscenter.az.10.03.2022. Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, hərbi hissələrdə komandir heyəti ilə ideoloji iş və mənəvi-psixoloji təminatın, eləcə də hüquq qaydaları və hərbi intizamın möhkəmləndirilməsi sahəsində işin səmərəliliyinin artırılması məqsədilə təlim-metodiki məşğələlər keçirilib.
Bu barədə Newscenter.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi general-mayor Bəkir Orucov Azərbaycan Ordusunda nizam-intizamın yüksəldilməsi sahəsində həyata keçirilən islahatlardan və bu sahədə ideoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlərin üzərinə düşən vəzifələrdən danışıb.
Azərbaycan Ordusunda şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və baş verə biləcək neqativ halların qarşısının alınması məqsədilə profilaktik tədbirlərin effektivliyinin artırılması üçün metodiki tövsiyələr verilib. Keçirilən məşğələlərdə və aparılan müzakirələrdə komandir heyətinə ideoloji iş və mənəvi-psixoloji təminat sahəsində rəhbər sənədlərin hazırlanması, həmçinin onların icrası ilə bağlı nəzəri və praktiki köməklik göstərilib.
Təlim-metodiki məşğələlərdə Müdafiə Nazirliyinin müxtəlif idarə və hərbi hissələrinin zabitləri Azərbaycan Ordusunun döyüş qabiliyyətinə təsir edən mövzular ətrafında fikir mübadiləsi aparıblar.