Newscenter.az.10.03.2022. Azərbaycan beynəlxalq müstəvidə nüfuzlu dövlət olmaqla yanaşı, etibarlı, regionda aparıcı söz sahibi olan tərəfdaş kimi qəbul olunur. Artıq dünyanın aparıcı ölkələri regional maraqlarını təmin etmək üçün Azərbaycanla məsləhətləşmələr aparır, siyasətlərini rəsmi Bakının siyasəti ilə uzlaşdırırlar.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov deyib.
Ölkəmizin əsas tərəfdaşlarından birinin də Böyük Britaniya olduğunu söyləyən deputatın sözlərinə görə, Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun ölkəmizə səfəri əlaqələrimizin güclənməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev Baronessa Emma Nikolsonu qəbul edərkən Azərbaycan ilə Böyük Britaniya əlaqələrinin yüksək səviyyədə olduğunu və strateji tərəfdaşlıq zəminində inkişaf etdiyini vurğulayıb. Böyük Britaniya Azərbaycanın əsas ticarət tərəfdaşı və iqtisadiyyatımıza ən böyük sərmayə qoyan ölkədir. Diplomatik münasibətlərimizin qurulduğu 30 il ərzində iqtisadi, ticarət əlaqələrimiz genişlənib, enerji sahəsində əməkdaşlıq və bu sahədə BP ölkəmizdə uğurla fəaliyyət göstərir. Dövlətimizin başçısı Böyük Britaniya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərməsini, xüsusilə şəhərlərin planlaşdırılması, minalardan təmizləmə və digər sahələrdə uğurlu fəaliyyətini də qeyd edib.
İltizam Yusifov qeyd edib ki, Böyük Britaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Bu ölkə Avropa regionunda və bütövlükdə qlobal siyasi və iqtisadi-ticarət münasibətlərində xüsusi rola malik, BMT Təhlükəsizlik Şurasının daimi üzvü, “Böyük Yeddilik” və “Böyük İyirmilik” qruplarının aparıcı üzvüdür. Birləşmiş Krallıq Azərbaycanın dövlət müstəqilliyini 1991-ci il dekabrın 31-də tanıyıb. Ölkələrimiz arasında diplomatik münasibətlər isə 1992-ci il martın 11-də qurulub. Bu il Azərbaycanla Birləşmiş Krallıq arasında diplomatik münasibətlərinin qurulmasının 30 illiyi ən yüksək səviyyədə qeyd olunur. Ötən 30 il ərzində əlaqələrimiz uğurla inkişaf edib.
“Regionda, bütövlükdə baş verən mürəkkəb geosiyasi proseslər fonunda Azərbaycanın dünya üçün nə qədər önəmli ölkə olduğunu bir daha görürük. Son illər qlobal və regional güclər arasında artan ixtilaflar, beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyəti daha da gərginləşdirib. Dünyada və bölgəmizdə gedən müxtəlif proseslərə baxmayaraq, uğurlu xarici siyasət kursu Azərbaycanın beynəlxalq müstəvidə mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Məhz bu səbəbdəndir ki, dünyanın böyük dövlətləri mütəmadi olaraq Prezident İlham Əliyevə zəng edir və ya məktub göndərərək ölkəmizin region üçün önəmini vurğulayırlar. Dövlətimizin başçısına İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin telefon zəngi, Böyük Britaniyanın Baş naziri Boris Consonun və Fransa Prezidenti Emmanuel Makronun məktubları da bunu deməyə tam əsas verir. Bu faktlar onu göstərir ki, Prezident İlham Əliyev uzaqgörən, düşünülmüş və praqmatik siyasət həyata keçirir. Azərbaycan Prezidentinin bu siyasəti dövlətimizin dünyada nüfuzunu əhəmiyyətli dərəcədə artırır. Xüsusilə, 44 günlük Vətən müharibəsində Qələbə qazanan Azərbaycan regionun gələcək taleyində həlledici rol oynayır. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının üzvü olan Böyük Britaniya Azərbaycanın Qarabağla bağlı siyasətini daim dəstəkləyib.
Ölkəmizin yaratdığı yeni reallıqlar Cənubi Qafqazın inkişafında böyük önəm kəsb edir. Bu baxımdan, Azərbaycanın dünya müstəvisində yeri və rolu əhəmiyyətli dərəcədə artmaqdadır”, - deyə İltizam Yusifov vurğulayıb.