Newscenter.az.11.03.2022. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Newscenter.az AQTA-ya istinadən xəbər verir ki, Agentlik əməkdaşları tərəfindən Bərdə rayonu, Yeni Daşkənd kəndində fəaliyyət göstərən, fiziki şəxs Pirnəzərov Tural Məhəmmədəli oğluna məxsus “Lux” marketdə keçirilən yoxlama zamanı qanunvericiliyin tələblərinin pozulduğu və qida məhsullarının təhlükəsizliyinə riayət edilmədiyi aşkar edilib. Belə ki, marketdə yararlılıq müddəti bitmiş qida məhsullarının (kolbasa, süd və süd məhsulları, qənnadı məmulatları) satışa çıxarıldığı, temperatur rejiminə riayət edilmədiyi, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, ərzaq məhsullarının birbaşa döşəmənin üzərində saxlanıldığı və digər nöqsanlar müəyyən edilib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.
Sevinc