Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü iki ölkənin qardaşlığının yeni bir təcəssümü idi



Newscenter.az.11.03..Martın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri çərçivəsində Ankarada bu qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü bir sıra mühüm məqamlarla yadda qaldı.

Çankaya Köşkündə keçirilən görüşdə Şuşa Bəyannaməsinin imzalanması və bu sənədin hər iki ölkənin parlamentində təsdiqlənməsi ilə Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin müttəfiqlik əsasında daha da inkişaf etdiyi vurğulanıb. Görüşdə postmünaqişə dövründə Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşdırılmasının perspektivləri, Zəngəzur dəhlizinin açılmasının region üçün faydaları, Qars-Naxçıvan dəmir yolu xəttinin çəkilməsinin əhəmiyyəti söhbət mövzusu olub. Bununla yanaşı, prezidentlərin görüşündə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda təsbit olunmuş bütün müddəaların Ermənistan tərəfindən icrasının vacibliyi, Türkiyə və Ermənistan nümayəndə heyətlərinin təmasları mövzusunda müzakirələr aparılıb.

Görüşdə Azərbaycanla Türkiyə arasında enerji sahəsində əməkdaşlıq baxımından Cənub Qaz Dəhlizinin uğurlu fəaliyyəti, bu dəhliz vasitəsilə qardaş ölkəyə və Türkiyə ərazisindən keçərək Avropaya qaz təchizatının artırılması imkanları, İğdır-Naxçıvan qaz xəttinin çəkilməsi məsələlərinə də toxunulub, sonuncu ilə bağlı Azərbaycanın dövlət büdcəsində investisiyanın nəzərdə tutulduğu da qeyd olunub.

Bundan başqa,  iki qardaş ölkə arasında iqtisadi-ticarət münasibətlərinin daha da genişləndirilməsi barədə də fikir mübadiləsi aparılıb, müttəfiqlik əlaqələrinin, hərbi, hərbi texniki, o cümlədən hərbi təlim və tədris sahələrində əməkdaşlığın uğurla davam etdirilməsindən məmnunluq ifadə olunub.

Söhbət zamanı Ukraynadakı hadisələrdən də danışılıb, Türkiyə və Azərbaycanın, eyni zamanda, Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin tezliklə dayandırılması istiqamətindəki şəxsi səyləri yüksək qiymətləndirilib.

Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan və Türkiyə prezidentlərinin bu görüşü beynəlxalq münasibətlər sistemində bənzəri olmayan iki ölkənin qardaşlığının yeni bir təcəssümü idi.

Jalə Əhmədova - Milli Məclisin deputatı
Xəbəri paylaş