Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda Azərbaycanla İran Dövlət Komissiyasının 15-ci iclası keçirilib



Newscenter.az.11.03.2022.xəbər verir ki, Martın 11-də Bakıda Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və İran İslam Respublikasının yollar və şəhərsalma naziri Rüstəm Qasiminin həmsədrliyi və hər iki ölkənin aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələrinin iştirakı ilə Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 15-ci iclası keçirilib.

Newscenter.az xəbər verir ki, Dövlət Komissiyasının iclasında iki ölkə arasında əlaqələrin dostluq, mehriban qonşuluq və ortaq mənəvi dəyərlər üzərində qurulduğu bildirildi.

Cari ildə diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edən Azərbaycanla İran arasında ali siyasi dialoqun mövcud olduğu məmnunluqla vurğulandı. Ötən ilin noyabrın 28-də Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Seyid İbrahim Rəisi arasında keçirilmiş görüş bunun təzahürü kimi qiymətləndirildi.

İki ölkənin müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, ticarət, sərmayə qoyuluşu, nəqliyyat-tranzit, sənaye, kənd təsərrüfatı və digər istiqamətlərdə uğurla əməkdaşlıq etdiyi diqqətə çatdırıldı.

2021-ci ildə qarşılıqlı ticarət dövriyyəsinin 30% artdığı vurğulandı, post-pandemiya dövründə iqtisadi-ticari əməkdaşlığın əhatə dairəsinin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.

Birgə sənaye-investisiya layihələrinin əhəmiyyəti qeyd edilərək müxtəlif sahələrdə müştərək istehsal müəssisələrinin yaradılması üçün perspektivlərin mövcud olduğu diqqətə çatdırıldı.

Nəqliyyat-tranzit sahəsində əməkdaşlığın səviyyəsi yüksək dəyərləndirildi, iki ölkə arasında avtomobil daşımalarının həcminin 2021-ci ildə əhəmiyyətli dərəcədə - 70% artdığı xüsusi vurğulandı.

"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətinə toxunularaq həm Azərbaycanın, həm də İranın bu dəhlizin fəaliyyətə başlaması və gələcək inkişafı işində çox böyük səylər göstərdiyi bildirildi.

Eyni zamanda bölgədə nəqliyyat kommunikasiyalarının açılmasının əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığı qeyd edildi. Bu baxımdan iki ölkə arasında bu gün imzalanacaq İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun önəmi vurğulandı.

Həmçinin İran şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işə başlamalarından məmnunluq ifadə olundu.

Neft-qaz sahəsində əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirildi, Türkmənistan qazının İran üzərindən Azərbaycana tranzitinin həyata keçirilməsinin əhəmiyyəti diqqətə çatdırıldı.

Elektroenergetika sahəsində əməkdaşlığın nəticələri təqdir edildi, iki ölkənin enerji sistemləri arasında elektrik enerjisi mübadiləsinin uğurla həyata keçirildiyi bildirildi. Azərbaycan, İran və Rusiya arasında enerji dəhlizinin yaradılması layihəsi üzrə müvafiq işlərin davam etdiyi qeyd olundu.

İclasda Azərbaycanla İran arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə daha da genişləndirilməsi perspektivləri müzakirə olundu.
Həmçinin, Astaraçay üzərində yeni avtomobil və piyada yolu körpüsünün, Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi, digər birgə layihələrin icra vəziyyəti, həmçinin gündəlikdə duran məsələlərə dair geniş fikir mübadiləsi aparıldı.
Eyni zamanda, tərəflər arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.

Memorandumun məqsədi Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir. Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur.

Sonda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 15-ci iclasının Protokolu imzalandı.

Sevinc
Xəbəri paylaş