Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaqif Abdullayev yazır: Birlikdə güclüyük



Newscenter.az.11.03.2022. Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün Türkiyə Respublikasına səfəri və Prezident Rəcəb Tayyib Ərdoğanla görüşü iki qardaş ölkə arasında dərin strateji müttəfiqliyin və sarsılmaz münasibətlərin ruhunu nümayiş etdirməklə bərabər, regionda yaranmış yeni çağırışlara əsaslanan geosiyasi perspektivlərin əhəmiyyətini sərgilədi. Görüşdə Zəngəzur dəhlizinin açılması istiqamətində inadlı və qətiyyətli siyasi xəttin davam etdirilməsi, yaxın zamanlarda bölgənin sülh və rifahına töhfə verəcək bu trans-nəqliyyat marşrutuna beynəlxalq marağın artması və Qars-Naxçıvan dəmir yolu xəttinin çəkilməsinin əhəmiyyəti də bəyan edildi. Bu, bir daha Azərbaycan-Türkiyə birliyinin bölgə üçün möhkəm sülh və əməkdaşlıq platformasına çevrildiyini təsdiqlədi.

Ötən gün diqqəti cəlb edən digər ən mühüm siyasi hadisə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrail Prezidenti İshak Hersoq arasında keçirilən tarixi görüş oldu. İsrail Prezidentinin uzun illər iki ölkə rasında mövcud olan soyuq münasibətlərin ardından Türkiyədə isti aurada qarşılanması Ərdoğanla açıq və səmimi söhbəti iki ölkə arasında əlaqələrinin yaxşılaşdırılması üçün mühüm addım kimi qiymətləndirilə bilər.Aparılan müzakirələrin yekunu da təsdiqləyir ki, rəsmi Ankara və Təl-Əviv bir çox məsələlərdə həmfikirdir. İsrail regionun həlledici gücü olan Türkiyə ilə əməkdaşlığın radiusunu genişlətməklə özünün maraqlarını da qorumuş olur. İshaq Hersoqun da vurğuladığı kimi bu səfər hədsiz dərəcədə siyasi-iqtisadi əhəmiyyət daşıyır və regionda yeni münasibətlərin formasını cızır. Türkiyə-İsrail əlaqələrin yaxşılaşması böyük bir siyasi xəritədə sülh və təhlükəsziliyin də möhkəmlənməsinə dərin zəmin yaradılması deməkdir. Bu qarşılıqlı siyasi iradənin artması təkcə, Yaxın Şərqdə deyil, AvroAsiya və Orta-Şərq-Afrika regionunda davamlı və dayanıqlı sülh üçün əhəmiyyət daşıyır.

Heç şübhəsiz, bir çox siyasi baxışlarda Azərbaycan, İsrail və Türkiyənin maraqları üst-üstə düşür. Bu xüsusda qeyd edək ki, hələ ötən ayın ortalarında ABŞ-da rəsmi Bakının təşəbbüsü ilə İsrail və Türkiyə dimlomatik nümayəndəliyi arasında görüş keçirilmişdi və Ankara və Təl-Əviv regional məsələlərin əksəriyyətində vahid mövqeyini bəyan edibdir.

İsrailin ən yaxın dostu olan Azərbaycanın təşəbbüslərini xoş qarşılaması və rəsmi Bakının irəli sürdüyü təkliflərlə razılaşması Türkiyə-İsrail əlaqələrinin də ən yaxın müttəfiqliyə çevrilməsinə nikbinliyi daha da artırır. Həmin görüşdə Özbəkistan və Qazaxıstanın ABŞ-dakı səfirləri arasında da çoxtərəfli görüş keçirilmiş və faydalı siyasi dialoq təəəsüratları payalaşılmışdı. Bu, onu göstərir ki, Azərbaycan-Türkiyə-İsrail əməkdaşlığı formatı yaranmaqdadır. Onsuz da biz belə bir siyasi formatı 44 günlük Vətən savaşı zamanı qardaş Türkiyə ilə yanaşı, İsrailin də sonadək Azərbaycanın arxasında dayanmaqla vahid bir siyasi cəbhədə birləşməsində gördük.

Beləliklə, Azərbaycan qardaş Türkiyə və yaxın dost İsraillə əlaqələrin strateji nöqtəyə çatmasında fəal rol oynamaqla Türk dövlətləri arasında siyasi əlaqələrin şaxələndirilməsi və siyasi-iqtisadi proqramların genişlənməsinə üfüqlər açır.

Azərbaycan-Türkiyə-İsrail münasibətlərində dərin siyasi bağların qurulması İsrailin qarşıdakı dövrdə Türk Dövlətləri Təşkilatına üzvlük məsələsini gerçəkləşdirə bilər. Hazırkı siyasi münasibətlərin dinamikası da onu göstərir ki, Azərbaycan-Türkiyə-İsrail üçbucağı regional möhkəm siyasi təməl olmaqla Türk Dövlətləri Təşkilatının potensialının artması üçün də güclü zəmin yarada bilər.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki
Xəbəri paylaş