Newscenter.az.12.03.2022. Bayden administrasiyası ölkə daxilində Ukraynaya Polşanın MiQ- 29 qırıcılarının verilməsindən imtina edilməsinə neqativ reaksiya ilə üzləşərək, öz Avropa müttəfiqləri ilə Ukrayna müdafiəçilərinə hava hücumundan müdafiə sistemlərinin verilməsi barədə məsləhətləşmələr aparır.
Moderator.az xəbər verir ki, bu barədə şənbə günü "Washington Post" nəşri yazıb.
Məqalədə deyilir ki, 40 senator prezident Baydenə müraciət edərək, Ukraynaya tezliklə yeni hərbi yardım göstərilməsini tələb edib. Söhbət o cümlədən yüksək effektli hava hücumundan müdafiə sistemləri olan C- 300 raketləri və zenit əleyhinə raket komplekslərindən gedir. Parlamentarilər bunun vacib olduğunu hesab edir, belə ki, Rusiyanın təyyarələrdə olan üstünlüyü Ukrayna səması üzərində tam dominantlıq etməyə gətirib çıxara bilər.
Bu müzakirələr Pentaqon rəhbəri Lloyd Ostinin Ukraynaya silah yardımı etməsinə Polşa və Rumıniya ilə birlikdə razılıq verən Slovakiyaya planlaşdırılan səfəri ərəfəsində aparılır.
Slovakiya ukraynalılara yaxşı bəlli olan C- 300 zenit- raket kompleksinə malikdir. Nəşrin mənbələrinin məlumatına görə, Pentaqon Slovakiya ilə humanitar yardım və yanacağın çatdırılması üçün onun dəmiryollarından istifadə edilməsi barədə razılıq əldə edə bilər.
C- 300 raketləri Ukrayna səmasında oyun qaydalarını dəyişə bilər. Pentaqonun qiymətləndirməsinə görə, hazırda Ukrayna HHQ- nin 56 qırıcısı qalıb ki, bu da müharibədən öncə olanların sayının 80 faizini təşkil edir. Ukrayna ona görə qırıcılar parkını saxlaya bilib ki, PUA- lardan və "Yer- hava" raketlərindən istifadə edərək asimmetrik cavab verib.