Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa Parlamentinin qətnaməsi ədalətsizliyin və ikili standartların növbəti təzahürüdür



Newscenter.az.12.03.2022. Mütəmadi olaraq Azərbaycana qarşı ədalətsiz fəaliyyət sərgiləyən Avropa qurumları indi də guya Qarabağda erməni mədəni abidələrinin təhlükə altında olması və dağıdılması məsələsini gündəmə gətirirlər.

Avropa Parlamentinin deputatı Peter van Dalenin bəyanatına əsasən, Avropa Parlamenti Qarabağda mədəni irsin məhv edilməsi ilə bağlı müzakirə keçirəcək və buna müvafiq olaraq qətnamənin qəbul olunmasına səs verəcək.

Sənəddə iddia olunur ki, guya Ulu Öndər Heydər Əliyev və hazırkı Prezident İlham Əliyevin hakimiyyətdə olduğu dönəmdə Qarabağda Azərbaycan tərəfindən çoxsaylı kilsə və xristian abidələri məhv edilib. İrəvan bu “dağıntıların” qarşısının alınması üçün Rusiya və YUNESKO-nun köməyinə ümid edir.
Hazırda biz bunun şahidi oluruq ki, Avropa qurumları məqsədyönlü şəkildə ermənilərin yalanına uyaraq Azərbaycana qarşı ədalətsiz qərarlar qəbul etmək istəyirlər. Təəssüf ki, bu Parlament istər enerji təchizatı, istərsə də digər sahələrdə Azərbaycanın qitədəki rolunu görməzdən gəlir.
Əslində belə qətnamələr Ermənistan əleyhinə qəbul edilməlidir. Düşmən tərəfindən son 30 ildə Qarabağda necə vandalizmin törədildiyinin şahidiyik və dağıdılmış yaşayış məntəqələri, məscidlər, qəbirlər buna sübutdur. Ermənilər hətta Azərbaycanlıların qəbirlərini qazaraq sümüklərini çıxarıb təhqir ediblər. Əslində belə bir qətnamə Ermənistana qarşı qəbul edilməlidir.

Avropa Parlamentinin qəbul etdiyi sənədin isə heç bir əsası yoxdur. İstər Ümummilli Lider Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dönəmində kilsələrə qarşı heç bir hörmətsizlik edilməyib. Əksinə, bu dövrlər ərzində Azərbaycan xalqı tolerantlıq nümunəsi ortaya qoyub. Bakının mərkəzindəki kilsələr və Şuşada yerləşən kilsənin bizim tərəfimizdən təmir edilməsi bunu əsaslandırmaq üçün kifayət edir. Bu gün erməni kilsəsi Bakının mərkəzində içərisində 5000 erməni dilində ədəbiyyatla qorunur. Şuşada erməni kilsəsi təmir olunur. Görünən odur ki, bu məsələdə Avropa Parlamenti erməni lobissinin təsiri altına düşərək öz mövqeyini göstərir.

Biz istər Qarabağda, istərsə də Ermənistan ərazisində dağıdılan məbədlərimiz barədə və Alban abidələrinin erməniləşdirilməsi ilə bağlı təbliğat işini daha da gücləndirməliyik. Müasir dövrdə sosial şəbəkələrin mühüm kütləvilik obyektinə çevrildiyini nəzərə alaraq hər birimiz, xüsusilə, gənclər bu sahədə erməni vandalizminə qarşı təbliğatın aparılması istiqamətində aktiv olmalıdır.

Ceyhun Məmmədov-Milli Məclisin deputatı
Xəbəri paylaş